İranda etiraz notası almayan səfir qalmayacaq

Tokio, 10 dekabr , /AJMEDIA/

Almaniyanın İrandakı səfiri Hans Otto Madels son iki ayda ikinci dəfədir ki, Xarici İşlər Nazirliyinə (XİN) çağırılır və ona etiraz notası təqdim olunur.
AJMEDIA xəbər verir ki, Böyük Britaniya, İsveç, Portuqaliya, Fransa, Avstriya, Avstraliya İranda keçirilən kütləvi aksiyaların dağıdılması zamanı insanlara qarşı qəddar davranışa görə İran hökumətini tənqid ediblər.
İran bu tənqidləri daxili işlərinə qarışmaq kimi qiymətləndirib və həmin ölkələrin səfirlərini XİN-ə çağıraraq etiraz notası təqdim edib.
Almaniyanın İranda insan hüquqlarının pozulması ilə əlaqədar BMT İnsan Hüquqları Şurasının toplanması təşəbbüsü ilə çıxış etməsi Tehran tərəfindən birmənalı qarşılanmayıb. Digər tərəfdən Almaniyanın rəsmi şəxsləri beynəlxalq tədbirlərdə İrana qarşı kəskin addımların atılmasını tələb edirlər.
Səfirin nəzərinə çatdırılıb ki, Almaniyanın İranda insan hüquqlarının pozulması barədə verdiyi bəyanatlar qarşılıqlı əlaqələrin inkişafına maneə olur və rəsmi Tehran bundan təəssüf hissi keçirir. Səfir İranın etirazını dərhal öz hökumətinə çatdıracağını bildirib.
İranda etiraz aksiyaları davam etdikcə bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərlərinə etiraz notalarının təqdim olunması da davam edir. Bu gedişlə İranda etiraz notası almayan səfir qalmayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts