İran Prezidenti: Şiraz şəhərində terror aktı törədənlər cəzasız qalmayacaq

Tokio, 27 oktyabr , /AJMEDIA/

İran Prezidenti İbrahim Rəisi Şiraz şəhərində baş verən terror aktına münasibət bildirib və həlak olanların ailələrinə başsağlığı verib.
AJMEDIA İran Prezident Administrasiyasının yaydığı açıqlamaya istinadla xəbər verir ki, İbrahim Rəisi vəhşicəsinə törədilən bu terror aksiyasının cavabsız qalmayacağını bildirib. O qeyd edib ki, həzrət Əhməd bin Musanın müqəddəs ziyarətgahında törədilən bu terror aktı nəticəsində qadın və qocalar qətlə yetirilib. Ölkə rəhbəri İslam İnqilabının düşmənlərinin törətdiyi cinayətlərin sırasına birinin də əlavə olunduğunu təəssüflə qeyd edib. O, cinayətkarların məhkəmə qarşısında cavab verməli olacaqlarını bildirib.
İran Prezidenti bəyan edib ki, ziyarətgaha hücum edib günahsız insanları öldürməklə düşmən öz çarəsizliyini göstərir. Bununla düşmən İran xalqını parçalamağa, ölkənin tərəqqisinin qarşısını almağa çalışır ki, məqsədinə nail olsun.
Qeyd edək ki, bu gün axşam saatlarında 3 nəfər Şirazdakı Şah Çırağ məscidinə daxil olaraq ibadət edən insanları avtomat tipli silahdan atəşə tutublar. Nəticədə 15 nəfər həlak olub, 40 nəfər müxtəlif dərəcədə yaralanıb.
Şiraz şəhərinin yerləşdiyi Fars vilayətinin valisi Məhəmməd Hadi İmaniyyə jurnalistlərə bildirib ki, terrorçulardan biri ziyarətgahın mühafizəçisi tərəfindən yaralanaraq saxlanılıb. Vali bildirib ki, terrorçu yaralı olduğu üçün hələlik danışa bilmir, lakin onun yarası sağaldıqdan sonra olanlar barədə məlumat verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts