İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular

Tokio, 5 sentyabr, /AJMEDIA/

Azərbaycan paralimpiyaçıları sentyabrın 5-də başa çatacaq XVI Tokio Paralimpiya Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular.
Bu sözləri Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib. Komitə prezidenti bildirib ki, bu gün başa çatmaqda olan Paralimpiya Oyunlarında Azərbaycan yığması öz çıxışını uğurla yekunlaşdırıb. Qeyd edib ki, bu, bizim idmançılarımız üçün tarixi bir Paralimpiada idi. Biz Tokioda Azərbaycan idmanının, paralimpiyaçılarımzın gücünü göstərdik, tarixi qələbə qazandıq. Bu, Azərbaycanın 25 illik paralimpiya tarixində ən uğurlu Paralimpiya Oyunları oldu.

Əvvəl ki, Oyunlarda da Azərbaycan idmanının adını şərəflə qoruduqlarını bildirən İ.Rəhimov, paralimpiyaçılarımızın “Rio-2016” Oyunlarında uğurla çıxış etmələrini xatırladıb. Həmin vaxt komandamızın 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazandığını qeyd edən komitə prezidenti, gümüş medalların bizim idmançıların məhz finalda uduzduqlarını təsdiq etdiyini bildirib. Qeyd edib ki, “Rio-2016”dan sonra bu məsələlər hamısı – idmançılarımızın qızıl medalları əldən vermələrinin səbəbləri, onların psixoloji durumu komitədə ciddi təhlil olunub. Psixoloqların və məşqçi heyətin iştirakı ilə idmançılarla ciddi iş aparılıb. Məqsəd final mərhələsində qələbənin əldə edilməsinin yollarını tapmaq idi.

Tokioya gəlmək üçün lisenziya əldə edən 36 idmançının çox yüksək səviyyədə hazırlaşdığını bildirən İ.Rəhimov onların qələbəyə hazır olduqlarını bir daha qeyd edib. Təəssüf hissi ilə bildirib ki, həmin idmançılardan ikisi COVID-19-a yoluxduğuna görə Oyunlardan kənarda qaldı. Bunlar Paralimpiya çempionu Ramil Qasımov (cüdo) və Dünya çempionu Aynur Məmmədova (taekvando) idi. Yarışlara çox yüksək səviyyədə hazırlaşsalar da bu idmançılar Oyunlarda iştirak edə bilmədilər. Komanda 34 idmançı ilə iştirak etməyə məcbur oldu. Bu idmançılarla biz 14 qızıl, 1 gümüş və 4 bürünc – ümumilikdə 19 medal qazandıq. Oyunların başa çatmasına artıq bir neçə saat qaldığı məqamda Azərbaycan yığması medalların sayına görə komanda hesabında 9-cu yerdədir. Ümid edirik ki, yarışların ümumi nəticələrinə görə biz bu yeri saxlaya biləcəyik. Bu onu göstərir ki, bizim idmanımız nə qədər güclüdür. Azərbaycan rəhbərliyinin sosial siyasəti, idman siyasəti hansı gücə qadirdir. Prezident İlham Əliyevin bu sahələrdə həyata keçirdiyi düzgün siyasət, gördüyü işlər, idman sahəsindəki böyük layihələr artıq öz nəticələrini verir. Biz bununla bütün dünyaya sübut elədik ki, balaca ölkə olsaq da, çox güclüyük. Biz müharibədə qalib gələn, torpaqlarımızı qaytarmağa qadir olan ölkəyik. Biz o, ölkəyik ki, şəhidlər verərək böyük zəfər qazandıq. Hesab edirəm ki, məhz bu qələbə bizim idmançılarımıza böyük ruh verdi, onlar bu möhtəşəm zəfərdən ruhlandılar. Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq, bu müharibədə qazandığı böyük qələbə bizim idmançılarımzı da qələbələrə ruhlandırdı. Həmin qələbə yürüşünü biz Tokioda davam etdirdik.

Azərbaycanın bir neçə idmançısının qızıl medal qazanmaqla yanaşı, yeni dünya və paralimpiya rekordu müəyyən etdiyini xatırladan komitə prezidenti, ilk dəfə olaraq bir idmançının üçqat Paralimpiya çempionu olduğunu da vurğulayıb. Azərbaycanın lisenziya qazandığı bütün idman növlərində biz layiqincə təmsil olunduq. Misal olaraq üzgüçülüyü qeyd edən İ.Rəhimov bildirib ki, 12-ci təsnifat qrupunda cəmi dörd üzgü məsafəsi var və bizim idmançılar bu yarışların hamısında qızıl medal qazandılar. Həmçinin, cüdo yarışında Azərbaycan yığması 6 qızıl medal qazanaraq birinci yerdə qərarlaşdı. Cüdonun yarandığı, onun ana vətəni sayılan Yaponiyada bizim idmançılar bütün rəqiblər üzərində qələbə çaldılar. Bu barədə bütün Yaponiya mətbuatı yazır, yapon ictimaiyyəti danışır. Bu münasibətlə mən idmançılarımızı və bütün xalqımızı təbrik edirəm. Bir daha bütün idmançılarımızın adından Prezident İlham Əliyevə təşəkkür edirəm. Həm dövlətimizin başçısı, həm də Mehriban xanım hər gün bizim idmançılarımzın çıxışlarını izləyirdilər, onların hər bir uğuruna bizimlə birlikdə sevinirdilər. Özlərinin təbriklərini göndərirdilər. Bu, əlavə olaraq bizim üzərimizə böyük məsuliyyət qoyurdu. Əlavə olaraq idmançılarımızı daha da ruhlandırırdı. Bu qayğıya, diqqətə görə biz cənab Prezidentə, Mehriban xanıma təşəkkür edirik. Şadıq ki, onların bizə göstərdiyi böyük etimadı doğrulda bildik. Çox şadıq ki, biz Vətənə böyük qələbə ilə dönürük. Şadıq ki, biz Azərbaycan idman tarixində böyük bir səhifə yazdıq və sübut etdik ki, Azərbaycan idmanı çox güclüdür. Azərbaycan çox güclü dövlətdir. İstənilən səviyyəli yarışlarda bizim idmançılar ön sıralarda gedə bilərlər və gedirlər də.

Azərbaycan paralimpiya komandasının Tokioda bir sıra əlavə tədbirlərə qatıldığını qeyd edən komitə prezidenti Oyunlar çərçivəsində bir neçə layihənin gerçəkləşdirildiyini də bildirib. Belə ki, yaranmış imkandan istifadə edərək, bir çox beynəlxalq idman federasiyalarının rəhbərləri ilə işgüzar görüşlər keçirilib. Gələcəkdə həmin idman növlərinin Azərbaycanda inkişafı ilə bağlı müzakirələr aparılıb.

Ən qiymətli addım kimi isə, Azərbaycan mədəni irsinin yayılması, bütün dünyada tanıdılması məqsədilə xüsusi layihəni həyata keçirdik. Bizə diaspor təşkilatı tərəfindən Yaponiyanın Hamamatsu şəhərində Dünya Musiqi Alətləri Muzeyinin olması və həmin muzeydə bütün dünya xalqlarının musiqi alətlərinin nümayiş etidirilməsi barədə məlumat verilmişdi. Təəssüflə qeyd edilmişdi ki, orada Azərbaycan milli alətləri yoxdur. Biz bu çatışmazlığı aradan qaldırmaq üçün Tokioya gələrkən özümüzlə tar, kamança və qaval gətirərək həmin muzeyə təqdim etdik. Həmçinin bu alətlər barədə geniş informasiyanı özündə əks etdirən pasportlar hazırlanaraq muzeyə verildi. Həmin məlumatlarda hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu alətlərin UNESCO-nun Qeyri-Maddi Məsdəni İrsi siyahısına Azərbaycan milli musiqi alətləri kimi salındığı xüsusi olaraq öz əksini tapıb. Milli alətlərimizi təqdim etmək üçün əməkdaşlarımız Azərbaycanın Yaponiyadakı səfirliyinin, Yaponiyadakı diaspor təşkilatının nümayəndələri və AZƏRTAC-ın Yponiyadakı xüsusi müxbiri ilə birlikdə Hamamtsu şəhərinə getdilər. Bu münasibətlə təşkil edilən xüsusi təqdimat mərasimində həmin alətlər muzeyə verildi. Çox sevindirici haldır ki, dünya xalqlarının musiqi alətlərinin nümayiş etdirildiyi muzeydə bundan sonra Azərbaycan musiqi alətləri də sərgilənəcək.

Qeyd etmək istəyirəm ki, bu, həm də bütün dünyada Azərbaycan mədəniyyətinin carçısı, əvəzolunmaz qayğıkeşi Mehriban xanımın musiqi alətlərimizi tanıtmaq istiqamətində irəli sürdüyü ideyaların davamıdır. Buna görə Mehriban xanım dərin təşəkkürümü bildirmək istəyirəm. Paralimpiya Komitəsi ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən birgə layihələr bundan sonra da uğurla davam edəcək və mədəniyyətimizi, idmanımızı bütün dünyaya tanıdacaq. Təbii ki, bu bir tarix, bir izdir və paralimpyaçılarımız tərəfindən Yaponiyada gerçəkləşdi.

Bir daha hamını təbrik edirəm, bizə göstərdikləri diqqətə və dəstəyə görə hamıya minnətdarlığımı bildirirəm.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts