İki boksçumuz ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Tokio, 13 sentyabr , /AJMEDIA/

ABŞ-da təlim-məşq toplanışını başa vuran kişi boksçulardan ibarət Azərbaycan milli komandası Puebloda keçirilən beynəlxalq turnirə qatılıb.
AJMEDIA xəbər verir ki, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışın ilk günü 2 idmançımız mərhələ adlayıb.
Turnirdə 57 kiloqram çəki dərəcəsində rinqə çıxan Ümid Rüstəmov çinli Xinyan Vanqdan güclü olub. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Ü.Rüstəmov yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, finala vəsiqə uğrunda Ping Lyu (Çin) ilə üz-üzə gələcək.
Nəbi İsgəndərov (71 kq) da yarışa uğurla başlayıb. Avropa çempionatının mükafatçısı çinli Qiançenq Vanqa qalib gəlib. O, 5:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Bununla da, özü üçün ən azı bürünc medalı təmin edən N.İsgəndərov növbəti döyüşündə Omari Consu (ABŞ) sınağa çəkəcək.
Onlardan fərqli, Tayfur Əliyev Ronqyao Baya (Çin), Malik Həsənov (hər ikisi 63,5 kq) isə Verşan Liyə (ABŞ) məğlub olub.
Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları sentyabrın 14-də olacaq. Həmin gün Məsud Yusifzadə (51 kq) və Məhəmməd Abdullayev (+92 kq) də rinqə çıxacaqlar. Boksçularımız müvafiq olaraq, Bo Fanq (Çin) və Danabieke Bayikevuzi (Çin) – Nikita Putilov (Almaniya) cütünün güclüsü ilə döyüşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts