Dmitri Peskov İstanbul sazişlərinin bağlanmasına Türkiyə Prezidentinin şəxsi töhfəsini qeyd edib

Tokio, 5 avqust , /AJMEDIA/

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna taxılının daşınması və Rusiyadan ərzaq tədarükü haqqında İstanbul sazişlərinin bağlanmasına Türkiyə Prezidentinin şəxsi töhfəsini qeyd edib.
AJMEDIA xəbər verir ki, D.Peskov bu barədə jurnalistlərlə görüşündə açıqlama verib. O deyib: “Bu, ən mürəkkəb məsələləri də bütün tərəflərin mənafelərini nəzərə almaqla həll etmək mümkün olduğunu göstərən yaxşı nümunədir. Bu halda cənab Quterreş haqqında çox müsbət fikir söyləmək və əlbəttə, şəxsən Türkiyə Prezidenti Ərdoğanın verdiyi böyük töhfəni qeyd etmək olar. Bəli, bu, necə razılığa gəlmək mümkün olduğunu göstərən nümunədir”.
D.Peskov daha sonra əlavə edib ki, razılaşdırılmış mexanizm birdəfəlik deyil, o, limanlarda yığılıb qalmış taxılın daşınmasını təmin etməlidir.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri tərəfindən imzalanmış sənədlər paketi Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələr ixracına məhdudiyyətləri götürməyə, habelə Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dənizdəki üç limandan humanitar dəhliz vasitəsilə təhlükəsiz daşınmasını təmin etməyə imkan verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts