Çinin kosmik stansiyasının daha bir laboratoriya modulu orbitə çıxarılıb

Tokio, 24 iyul , /AJMEDIA/

Çinin kosmos proqramının vacib mərhələsi olan kosmos stansiyasının quraşdırılması üçün “Wentian” (“Səmanın qonaqları”) laboratoriya modulunun orbitə çıxarılmasına start verilib.
AJMEDIA xəbər verir ki, 20 tonluq modulu orbitə aparan Çinin ən iri “Böyük yürüş-5B Y3” (Long March-5B Y3) raketdaşıyıcısının buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxta 14:22-də (Bakı vaxtı ilə 10:22) baş tutub. Bu, Çinin quraşdırılması davam edən “Tiangogn” adlı kosmik stansiyasının 2 laboratoriya modulundan biridir. Növbəti modulun (“Mengtian”) oktyabrda kosmosa çıxarılması nəzərdə tutulub.
Çinin kosmosda stansiya yaratmaq proqramının əsas hissəsi olan “Böyük yürüş-5B” tipli raketdaşıyıcıları stansiyanın modullarının quraşdırılmasında istifadə üçün hazırlanıb. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 22 ton yükü aşağı orbitə qaldırmaq gücündədir. Bu tip raketdaşıyıcının kosmosa sınaq uçuşu 2020-ci ilin mayında uğurla baş tutub.
Qeyd edək ki, Çinin kosmik stansiyası idarəetmə mərkəzi, heyətin yaşayış yeri və iki laboratoriya modulundan ibarət olacaq. Quraşdırılması cari ilin sonunda başa çatacaq stansiyanın aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə 10-15 il fəaliyyət göstərməsi nəzərdə tutulub. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub. Stansiyasının quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”) 2021-ci ilin iyununda kosmosa göndərilib və 3 aylıq fəaliyyətdən sonra Yerə qayıdıb. İkinci missiya (“Şencou-13”) ötən ilin oktyabrında orbitə göndərilib və kosmonavtlar 6 ay kosmik stansiyada çalışdıqdan sonra cari ilin aprelində geri dönüblər. Bu ilin iyununda isə 3-cü missiya (“Şencou-14”) kosmosa çıxarılıb.
Stansiyanın 22,5 tonluq əsas modulu “Tianhe” (“Səma harmoniyası”) ötən ilin aprelində orbitə çıxarılıb. “Tianhe” kosmik stansiyanın idarəetmə mərkəzi və heyətin əsas yaşayış yeri kimi nəzərdə tutulub. Modula hər 2 tərəfdən laboratoriya kapsulları əlavə ediləcək və stansiyanın ümumi çəkisi 70 tona çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts