Rəşad Sadıqov: “Qarabağ”ın “Bayer”i keçəcəyinə inanıram

Tokio, 2 mart , /AJMEDIA/

“Qarabağ”ın “Bayer”i keçəcəyinə inanıram”.

Bu sözləri açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.

O, uzun illər kapitanlıq etdiyi sabiq komandasının Avropanın ən güclü klublarından birinə qarşı oynayacağını bildirib: “Bayer” güclü komanda olsa da, “Qarabağ”ın adı var. Avropadakı nəticələr buna sübutdur. Ağdam təmsilçisinin “Bayer”i keçəcəyinə inanıram”.

Azərbaycan millisinin sabiq üzvü “Qarabağ FK – 30 mövsüm səfərdə” filmi barədə də fikirlərini bölüşüb: “Möhtəşəm film idi. Çox təsirləndim. Bəzi detallar çox yaxşı işıqlandırılmışdı. İnsan bir anlıq keçmiş dövrə qayıtdı. Filmi ərsəyə gətirənlərə təşəkkür edirəm”.

42 yaşlı mütəxəssis hədəfinin növbəti il “Zirə” ilə Konfrans Liqasında mübarizə aparmaq olduğunu söyləyib: “Bu mövsüm komandalar arasında gərgin mübarizə gedir. Hazırda 6-7 komanda Konfrans Liqasına düşmək üçün çalışır. Biz də bu yarışın içindəyik. İstəyirik ki, mövsümü yaxşı notlarla başa vuraq”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk matçını martın 7-də Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra Leverkuzendə keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts