Zəfər Günü ərəfəsində Yevlaxda şəhidlərin xatirəsinə inşa edilən daha bir abidə açılıb

Tokio, 2 noyabr , /AJMEDIA/

Yevlaxda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhidlərin xatirəsinə inşa edilmiş növbəti abidənin açılışı 8 Noyabr – Zəfər Günü ərəfəsində Qoyunbinəsi kəndində olub. Bu münasibətlə keçirilən mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, müharibə veteranları və kənd sakinləri iştirak ediblər.
AJMEDIA xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra iştirakçılar abidənin önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalq-ordu birliyindən danışıb. 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan böyük Qələbənin tarixi əhəmiyyətini vurğulayıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərin təqdirəlayiq olduğunu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət müstəqilliyimizin və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərə bəslədikləri hörmət və ehtiramın nümunəsində görülən bu tədbirlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda yetişməsində misilsiz əhəmiyyəti olduğunu xüsusi qeyd edib.
A.Tağıyev şanlı Zəfər tarixini yazan Vətən oğullarının hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. O, abidənin tikintisində əməyi olanlara minnətdarlıq edib, şəhid ailələrinə səbir, qazilərimizə şəfa diləyib.
Çıxış edən şəhid ailəsinin üzvləri və qazilər möhtəşəm Qələbə ilə bitən 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazıldığını bildiriblər. Qeyd edilib ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edən igidlərimizin əziz xatirəsi dövlətimiz və xalqımız var olduqca əziz tutulacaq, əbədi olaraq qəlbimizdə yaşayacaq.
Tədbirdə mədəniyyət işçilərinin və Qoyunbinəsi kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda icra hakimiyyətinin başçısı şəhid valideynləri və doğmaları, qazilər və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb. Görüş iştirakçıları davamlı diqqətə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts