Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Tokio, 20 aprel , /AJMEDIA/

Aprelin 19-da Naxçıvan şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış tədbirlər planına müvafiq olaraq “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.

YAP-dan bildirilib ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli mövzunun əhəmiyyətindən bəhs edib. Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən danışan E.Cəfərli cəmiyyətin inkişafı üçün vacib amillərdən birinin məhz sağlam həyat tərzi olduğunu diqqətə çatdırıb. O, Naxçıvan MR-də narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirləri haqqında da məlumat verib.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparıldığını bildirib. O qeyd edib ki, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirilməsidir.

Digər çıxış edənlər – Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, NDU-nun rektoru Elbrus İsayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov narkomaniyanın dünyanı ciddi şəkildə narahat edən problem olmasından, müasir dövrdə gəncləri zərərli vərdişlərdən qorumağın mühüm çağırış olmasından, narkotik maddələrin insan sağlamlığına vurduğu zərərdən və törətdiyi fəsadlardan ətraflı danışıblar.

Sonra gənclərin sualları cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts