Yaşıl donlu, qırmızı qurşaqlı…

Tokio, 19 mart , /AJMEDIA/

Yurdumuza yaz gəlir!

Ağappaq qar altından sapsarı novruzgülü çiçəyi, kol dibindən gömgöy bənövşə boy göstərir. Gün vurduqca sinəsindən buğ qalxan ana torpağın qırışığı açılır. Ağaclar tumurcuq tutur, çöllər, düzlər ilmə-ilmə, naxış-naxış yaşıl don geyir. Qaranquş təzəcə puçurlayan budağa qonub nəğmə oxuyur.

Təbiət oyanır, təbiət canlanır. Hər səhər dan yerində Günəş qırmızı tonqal qalayır. Havalar isindikcə hər yerdən yazın ətri gəlir. Dağlarda buz bağlamış çaylar, şəlalələr əriyərək sazlı-sözlü aşığa çevrilir, qönçələr, çiçəklər yavaş-yavaş açmağa başlayır. Dolan buludlardan səpilən yaz yağışları düz-dünyaya nur ələyir, göylər yeddi rəngli xalı toxuyur. Hər yerdə yazın qədəmləri duyulur. Bir də boşqablarda cücərdilən qırmızı qurşaqlı səməni!

Bütün ağaclardan əvvəl çiçək açan zoğal və badam, bütün quşlardan əvvəl gələn qaranquş baharın müjdəçisi hesab olunduğu kimi, balaca boşqablarda, nəlbəkilərdə cücərdilən yamyaşıl səməni də eyni dərəcədə yazın gəlişindən soraq verən əlamət sayılır.

Səməninin yazın simvolu seçilməsi tamamilə təbiidir. Səməni oyanış, təzəlik, dirilik rəmzidir. Harada yaşıllıq varsa, orada təzəlik, oyanış, dirilik var. Dirilik olan yerdə isə həyat var.

Ana təbiətdə hər rəngin öz yeri, öz mənası var. Lakin yaşıl rəng hər yerdə oyanış və təzəlik, paklıq və duruluq əlaməti hesab olunur. Necə ki, ana təbiət öz qüdrətli fırçası ilə düz-dünyanı ala-yaşıla, ipəyə-tülə bürüyür, o cürə də insana qaynarlıq və gənclik həvəsi gətirir. Bahar damarımızdakı qanın qaynamağı, könlümüzdəki duyğuların canlanmasıdır.

Yaşıl meşə, yaşıl çəmən, yaşıl düz… İnsan oğlu nədən bezsə də, təbiətin yazda açdığı bu yaşıl sərgini seyr etməkdən yorulmur. Əbəs yerə deyil ki, İslam peyğəmbəri göz nurunu qorumaq üçün yaşıl rəngə çox baxmağı məsləhət görərdi. Natural təbabətdə təzə cücərdilən buğda dənələrini yemək cavanlıq və təravət mənbəyi olduğu söylənilir. Xüsusi qaydada hazırlanan səməni da tibbi cəhətdən əhəmiyyətli hesab edilir.

Desək ki, yazda təbiət yaşıl bir nəğmə oxuyur, yəqin ki, heç bir mübaliğəyə yol vermərik. Dağların, çölllərin-düzlərin, çayların, bulaqların oxuduğu bu nəğmənin bəstəçisi də, ifaçısı da, dinləyicisi də təbiət özüdür. Bu nəğmənin bir parçası da hər il yazağzı boşqablarda göyərdilib evin ən görkəmli yerinə qoyulan səmənidir. Səməni bahar, həyat, gözəllik deməkdir. Əbəs yerə qız-gəlinlər göyərtdikləri səmənini oxşaya-oxşaya oxumurlar ki:

Səməni, saxla məni,

İldə cücərdərəm səni…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts