Yaponiyanın Kitakyuşu şəhərində bədii gimnastika üzrə 38-ci dünya çempionatı başlayıb

Tokio, 27 Oktyabr, /AJMEDIA/

Oktyabrın 27-də Yaponiyanın Kitakyuşu şəhərində bədii gimnastika üzrə 38-ci dünya çempionatı başlayıb.

AJMEDIA xəbər verir ki, yarışların ilk günündə gimnastika çoxnövçülüyünün iki ayrı növü halqa və topla yarışlar keçirilib. Qeyd edək ki, bədii gimnastika üzrə dünya çempionatı 1996-cı ildən bəri ilk dəfə Olimpiya Oyunları ilə eyni ildə keçirilir. İlkin olaraq çempionatın Kopenhagendə keçirilməsi planlaşdırılsa da, Danimarkanın hökumət strukturları yarışların təşkilindən imtina edib.

Kitakyuşuda doqquz dəst medal uğrunda yarışların keçiriləcəyi bildirilir. Oktyabrın 28-də halqa və lentlərlə çıxış edən idmançılar arasında dünya çempionları məlum olacaq. Növbəti gün isə komanda turnirinin və qrup çoxnövçülüyünün qalibləri bilinəcək. Şənbə günü çoxnövçülük üzrə qaliblərə mükafatlar təqdim ediləcək. Yarışların son günündə isə qrup çoxnövçülüyünün müxtəlif növləri üzrə qaliblər müəyyən ediləcək.

Azərbaycan idmançılarının da qatıldığı çempionat fərdi çıxışlarla başlayıb. Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova halqa ilə hərəkətləri nümayiş etdiriblər. Z.Ağamirova 21.400, A. Cəlilova isə 21.350 bal toplayıb.

Həmin gün idmançılarımız topla hərəkətləri də nümayiş etdiriblər. Topla hərəkətə görə A.Cəlilova 22.600 bal, Z.Ağamirova isə 21.150 bal qazanıb.

Beləliklə iki çıxışdan sonra A. Cəlilova 43.950, Z. Ağamirova isə 42.550 xal toplayıblar.
Axşam saatlarında halqa və top üzrə final yarışları keçiriləcək və Kitakyuşuda ilk medal qazananlar müəyyənləşəcək. Sabah isə idmançılarımız gürz və lentlə çıxışlarını təqdim edəcəklər. Azərbaycanı fərdi yarışlarda Nərmin Bayramova təmsil edəcək.

Oktyabrın 29-da isə qrup komandalarının yarışı keçiriləcək. Bu yarışda Azərbaycanı Zeynəb Hümmətova, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komanda təmsil edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts