Xristian Liderlər Konqresinin prezidenti: Cəbrayılda erməni vandalizminin acı nəticələri, dağıntılar məni dəhşətə gətirdi

Tokio, 18 Sentyabr, /AJMEDIA/

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xristian Liderlər Konqresinin prezidenti, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının sabiq müvəkkili Conni Mur ilə görüşüb.

DQİDK-dən AJMEDIA-ya bildirilib ki, görüşdə M.Qurbanlı ölkəmizdə multikultural, tolerant ənənələrə verilən dəyər və dinlərarası harmoniya haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-İslam dini qurumların fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 37 qeyri-İslam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran komitə sədri İslam təmayüllü dini icmalarla yanaşı onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.

Söhbət zamanı ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının bu yaxınlarda yaydığı arayışa da toxunan M.Qurbanlı sənəddə heç bir fakta söykənməyən qərəzli mövqe sərgiləndiyini diqqətə çatdırıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Ermənistan işğal dövründə torpaqlarımızda etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması barədə faktların sözügedən arayışda yer almaması ilə yanaşı, əsassız iddiaların irəli sürülməsi təəssüf doğurur. DQİDK sədri hesabatların daha obyektiv və dürüst tərtib edilməsi, real vəziyyətlə tanış olmaları üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının üzvlərinin ölkəmizə səfər etmələrinin zəruriliyinə də toxunub.

Xristian Liderlər Konqresinin prezidenti Conni Mur ölkəmizə səfəri çərçivəsində Cəbrayılda olarkən erməni vandalizminin acı nəticələrini, dağıntıları öz gözləri ilə gördüyünü və bu mənzərədən dəhşətə gəldiyini bildirib. O, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini sevinclə qarşıladığını deyib. Ölkəmizə səfərləri zamanı daim xalqımızın yüksək tolerant və multikultural mənəviyyatının, cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühitinin canlı şahidi olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda qonağa ölkəmizdəki dini tolerantlıq mühitini özündə əks etdirən xatirə hədiyyəsi təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts