Ulu Öndərin xatirəsinə həsr olunmuş ciu-citsu turnirində 200 idmançı iştirak edib

Tokio, 12 dekabr , /AJMEDIA/

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş açıq Bakı turniri keçirilib.
AJMEDIA xəbər verir ki, Ümummilli Liderin xatirəsinin anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra federasiyanın prezidenti Aqil Acalov turniri açıq elan edib. O, çıxışında Ulu Öndərin idmana xüsusi qayğısından, müasir idmanın formalaşmasında əhəmiyyətli rolundan danışıb, onun xatirəsinə həsr olunan silsilə tədbirlərin ənənəvi olaraq keçiriləcəyini bildirib.
Braziliya Federativ Respublikasının Azərbaycandakı səfirinin müşaviri Aleşandre Azevedo Silveira çıxışında ölkəmizdə Braziliya döyüş sənətinin bu növünə olan diqqətdən söz açıb. Müşavir iki ölkə arasında idman sahəsində əməkdaşlığın, mədəni və işgüzar sahədə əlaqələrin davamlılığından məmnunluğunu vurğulayıb.
Baş İdarənin rəis müavini Rəşad Əliyev çıxışında Ulu Öndərin həyata keçirdiyi idman siyasətinin idmanın inkişafında təkanverici rolunu xatırladıb. Bu siyasətin müasir idmanın bünövrəsini təşkil etdiyini, onun xatirəsinə həsr olunmuş tədbirlərin davamlılığının vacibliyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Turnirdə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda respublikanın bölgələrindən müxtəlif yaş qruplarından və çəki dərəcələrində 200-ə yaxın idmançı iştirak edib.
Bədii hissədən sonra qaliblər medal və mükafatlarla təltif olunublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts