Tarix Muzeyinin arxeoloji kolleksiyasının incilərindən: zərfayans kasa

Tokio, 12 noyabr , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycanın qədim tarixini özündə əks etdirən tapıntılar qorunur. Onların arasında forma və məzmun baxımından seçilən nümunələrdən biri coğrafi mənşəyi və tapılma yeri məlum olmayan zərfayans kasadır.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Nazik divarlı, gili ağ rəngdə olan kasa hündür halqavari oturacağa malikdir. Hər iki səthi anqoblanıb və nəfis şəkildə qızılı rəngli naxışlarla bəzədilib. Daxili səthinin mərkəzi yarımhalqalarla doldurulub. Divarına isə 8 insan təsviri həkk edilib. Onlar nöqtələrdən ibarət qoşa xətlərlə əhatələnib. İnsan təsvirləri yarımhalqalardan ibarət zolaqlarla bir-birindən ayrılıb. Xəttin yuxarısı naxışlarla bəzədilib, ağız sonluğu isə qalın xətli zolaqla əhatələnib. Kasanın xarici səthinə gövdəboyu buruq xətlər, onların arasına isə şaquli qoşa düz xətlər həkk edilib. Bu dəyərli dulusçuluq nümunəsi saxlanma vəziyyətinə görə tamdır.
Həmin maddi nümunənin XII əsrin II yarısı -XIII əsrin I yarısında yerli dulusçular tərəfindən hazırlanması ehtimalı irəli sürülüb.
Belə ki, muzeyin arxeoloji kolleksiyasında mühafizə olunan oxşar qab nümunələri orta əsr Beyləqan şəhər yerindən tapılıb. Zərfayans kasa Azərbaycanın orta əsrlər dövr dulusçuluğu və maddi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts