Zərifə Əliyeva – xalqın sağlamlığı və elmin inkişafı naminə çalışan fədakar insan

Tokio, 14 aprel , /AJMEDIA/

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub və tarixə öz həyatını xalqının sağlamlığına və səhiyyə elminin inkişafına həsr etmiş alim kimi düşüb. Dünyaya gələn insanların heç də hamısına mənalı ömür yaşamaq qismət olmur, desək yəqin ki, yanılmarıq. Bu insanlar arasında elələri var ki, onların mənalı ömür yolu həm xalqının rifahına, həm də onun sağlamlığına xidmət edən xəzinəyə çevrilir. Bu dünyaya yalnız məxsus olduğu xalqa deyil, həmçinin bütün insanlığa nur vermş, xeyirxahlığı ilə tarixə adını yazmış Zərifə xanım Əliyeva da belə görkəmli şəxsiyyətlərdən biri olmuşdur.

Dünya səhiyyə tarixinə görkəmli oftalmoloq alim kimi düşmüş Zərifə xanım Əliyeva XX əsrin ortalarında tibb elmində özünəməxsus görünməmiş kəşflərə imza atmışdır. Keçən əsrin 40-cı illərində gözü zədələyən və insanlar üçün ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi Azərbaycanda geniş yayılmışdı. Qeyd olunan xəstəliklə mübarizə təkcə oftalmologiya sahəsində deyil, ümumilikdə Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım Əliyeva traxoma xəstəliyinin müalicəsi istiqamətində aparılan profilaktik tədbirlərin təşkilində yaxından iştirak etməklə bərabər, bu xəsətəliyin geniş yayıldığı rayonlara gedərək həkim oftalmoloqlara məruzələr oxumuş, öz praktikasında əldə etdiyi nailiyyətlərə şəxsən çatdırmışdır. Görkəmli alim Zərifə xanım Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950- ci ildə aspiranturaya daxil olduqdan sonra elmi axtarışları davam etdirmişdir. Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almış və onun təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edildiyi üçün ölkəmiz traxoma xəstəliyindən xilas olmuşdur. Bununla da Zərifə xanım Azərbaycan elminə və Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfə vermişsir. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası “Oftalmologiya” ixtisası üzrə ona böyük elmi işçi adı vermişdir. 1967-ci ildə isə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət olunmuşdur.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. Həmin vaxt o, Azərbaycanı hər cür fəlakətlərdən qoruyan, ölkəmizi bütün dünyada tanıdan böyük dövlət xadimi Heydər Əliyevi vəfalı həyat yoldaşı və övladlarını analıq himayəsindən mərhum etmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında söyləyirdi ki, “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın elmdə açdığı işıqlı yol ildən-ilə inkişaf edir və yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi hal-hazırda da araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Oftalmologiya sahəsində öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər öz qiymətini heç zaman itirməyəcək. Zərifə xanım Əliyeva daim qəlblərdə yaşayacaq və tibb sahəsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts