“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

Tokio, 30 aprel , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2023-2024-cü tədris ili üzrə keçirilən dərslər başa çatıb.

İdarədən AJMEDIA-ya bildirilib ki, BŞTİ və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində keçirilən yekun dərs Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlının – Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Azərbaycanda hakimiyyətinin hər iki dönəmində təhsilin Ulu Öndərin qayğısı, diqqəti ilə inkişaf yoluna qədəm qoyduğunu söyləyən Nərminə Hüseynova qeyd edib ki, bütün fəaliyyəti dövründə elmə, təhsilə prioritet kimi yanaşan Heydər Əliyev tərəqqinin yeganə yolunun məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü.

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərsləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, Azərbaycan məktəbliləri Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən faydalanaraq layiqli vətəndaş kimi yetişəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair şagirdləri maraqlandıran suallar cavablandırılıb, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında dahi rəhbərə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts