Şri-Lankada fövqəladə vəziyyət rejimi elan olunub

Tokio, 13 iyul , /AJMEDIA/

Şri-Lankanın Baş naziri Ranil Vikramasinqh paytaxt Kolombo şəhərinin yerləşdiyi Qərb əyalətində komendant saatı, bütün ölkə ərazisində isə fövqəladə vəziyyət rejimi elan edib.
AJMEDIA Bloomberq agentliyinə istinadla xəbər verir ki, baş nazir, həmçinin təhlükəsizlik xidmətlərinə iğtişaşlarda iştirak edən hər kəsin saxlanılması göstərişini verib.
Qeyd olunur ki, Şri-Lanka prezidenti Qotabaya Racapaksanın adadan qaçışından sonra ölkənin baş naziri dövlət başçısı səlahiyyətlərinin icraçısı kimi belə qərarlar vermək hüququna malikdir. O, həmçinin etirazçıların istifadə etdikləri bütün yük maşınlarının və digər nəqliyyat vasitələrinin saxlanması və müsadirə olunması barədə göstəriş verib.
Bu gün səhər saatlarında etirazçılar Kolombo şəhərində baş nazirin dəftərxanasına basqın etməyə cəhd göstəriblər. Onlar əvvəlcə baş nazirin istefasını tələb edib, sonra isə iqamətgaha soxulmaq istəyiblər. Polis barrikadaları yararaq binaya daxil olmaq istəyən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
İyulun 12-dən 13-nə keçən gecə Şri-Lanka Prezidenti Qotabaya Racapaksa həyat yoldaşı ilə birgə ölkəni tərk edərək Maldiv adalarına uçub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts