Şirvanda Daun sindromlu uşaqlar üçün Novruz şənliyi təşkil olunub

Tokio, 20 mart , /AJMEDIA/

Şirvan Şəhər İcra Hakimiyyətinin, Dövlət Arxivinin Şirvan filialının, “Daun Sindromlu Ailələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Şirvanda Daun sindromlu uşaqların cəmiyyətə adaptasiya olmaları məqsədilə “Salam, cəmiyyət, biz də varıq” adlı ekskursiya təşkil edilib.
AJMEDIA xəbər verir ki, ekskursiyada respublikamızın müxtəlif bölgələrindən olan 25 valideyn və onların Daun sindromlu övladları iştirak ediblər.
Dövlət Arxivinin Şirvan filialında uşaqlar əsl bayram ab-havası ilə qarşılanıb. Onlar milli eksponatlardan ibarət Novruz guşəsinə, Şirvan şəhidlərinin filialda mühafizə olunan əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Balacalar Novruz şənliyində yumurta döyüşdürüb, milli musiqinin sədaları altında rəqs ediblər. Uşaqlar rəngli boyalarla əl izlərini kağız üzərinə həkk edərək arxivə bu gündən xatirə qoyublar.
Sonra Şirvan şəhərinin Arxiv mühafizəxanaları ilə tanışlıq olub. Pərvanə Hüseynli əl işi olan rəsm əsərini Arxiv idarəsinə hədiyyə edib. Məhəmməd İbadov qeyd edib ki, onun bu günə qədər heç vaxt arxiv barədə anlayışı olmayıb.
Uşaqlara Dövlət Arxivinin Şirvan filialı tərəfindən milli kuklalarımız hədiyyə edilib.
Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova tədbirin təşkilində əsas məqsədin cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaq olduğunu bildirib. O, Daun sindromlu uşaqların cəmiyyətdə qaynayıb qarışandan sonra müxtəlif vərdişlər qazandıqlarını, bu baxımdan onlara hərtərəfli dəstək verilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə qeyd edilib ki, valideynlərin bu xəstəlikdən əziyyət çəkən uşaqları qapalı şəraitdə böyütmələri onların cəmiyyətdən təcrid olunmalarına, mədəni inkişafdan geri qalmalarına səbəb olur. Buna görə də onların mədəni-kütləvi tədbirlərdə iştirakı böyük əhəmiyyət daşıyır. Şirvan Şəhər İcra Hakimiyyəti də Daun sindromlu uşaqların müxtəlif tədbirlərdə iştirakını daim diqqət mərkəzində saxlayır.
Tədbirdə “Daun Sindromlu Ailələrə Dəstək” İctimai Birliyinin sədri Sevda Məmmədova, valideynlər çıxış edərək bu xəstəlikdən əziyyət çəkən uşaqların sosial fəallıqlarının artırılması baxımından belə tədbirlərin önəmini vurğulayıblar. Çıxışlarda tədbirin 21 mart – Beynəlxalq Daun Sindromlu İnsanlar Gününə təsadüf etməsinin də önəmi qeyd olunub.
Təşkilatçılara və iştirakçılara İctimai Birliyin Fəxri fərman, diplom və təşəkkürnamələri təqdim edilib.
Sonra uşaqlar və valideynlər üçün Şirvan şəhərində gəzinti təşkil olunub.
Şəhidlər xiyabanını ziyarət edərək Zəfər abidəsinin önünə və şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri düzən uşaqlar Azərbaycanın ərazi bütövlüyün uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qonaqlar arasında Vətən müharibəsinin Qəbələdən olan şəhidi Ümman Əmiraslanovun anası və Daun sindromlu bacısı Nurcan da yer alıblar.
Şəhər gəzintisi Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında davam etdirilib. Burada uşaqların hərtərəfli istirahəti və əyləncəsi təmin olunub.
Sonda uşaqlar sevinc hisslərini rəngbərəng şarları havaya buraxaraq ifadə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts