Orqanik Qarabağ – Dayanıqlı iqtisadi inkişaf istiqamətləri” layihəsi çərçivəsində yekun konfrans keçirilib

Tokio, 1 may , /AJMEDIA/

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin təşkilatçılığı ilə Biləsuvarda “Orqanik Qarabağ – Dayanıqlı iqtisadi inkişaf istiqamətləri” adlı konfrans keçirilib.
AJMEDIA xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra qonaqlara Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin rayon icra hakimiyyəti ilə birgə açıq havada təşkil edilmiş ekoloji təmiz məhsul sərgisində iştirak edən istehsalçıların təqdim etdikləri orqanik məhsullar, onların istehsal texnologiyaları və üstünlükləri haqqında məlumatlar verilib.
Sərginin ardınca isə konfrans öz fəaliyyətinə başlayıb. Konfransda açılış nitqi ilə çıxış edən Biləsuvar Rayonun İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov dövlət səviyyəsində bu kimi layihələrə yüksək diqqət ayrılmasından və konfransın Biləsuvarda keçirilməsinin önəmindən danışıb və layihənin təşkili üçün göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev öz çıxışında yeni dövrün tələbləri, yaşıl iqtisadiyyat və bu istiqamətdə prioritetə çevrilən layihələrdən bəhs edib, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının gələcək inkişafının əhəmiyyətli dərəcədə yaşıl artım prinsiplərinə bağlı olduğunu bildirib. Sonda isə konfransın keçirilməsində göstərdiyi maliyyə yardımına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihənin uğurla icra edilməsi üçün hərtərəfli dəstək göstərmiş Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova öz dərin təşəkkürünü bildirib.
Tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov və Bəhruz Məhərrəmov da iştirak ediblər. Deputatlar çıxışları zamanı sahibkarları azad edilmiş rayonların iqtisadi inkişafı üçün səfərbər olmağa çağırıblar. Dövlət tərəfindən sahibkarlara yaradılmış münbit şəraiti düzgün qiymətləndirməyi və gələcək fəaliyyətlərində yaşıl iqtisadiyyat, orqanik məhsul istehsalı sahələrinə sərmayə yatırmağa dəvət ediblər.
Konfransda iqtisadiyyat üzrə fəlsəfə doktoru, yaşıl iqtisadiyyat üzrə ekspert Şəmsi Rzalı və Sitarə Səfərova məruzə edərək ekoloji təmiz məhsul istehsalı və yaşıl artım barədə konfrans iştirakçılarına məlumat veriblər. Konfransın davamında sahibkarlar çıxış edərək öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında cari ilin fevral ayından start götürən və üç ay davam edən “Orqanik Qarabağ – Dayanıqlı iqtisadi inkişaf istiqamətləri” layihəsi çərçivəsində işğaldan azad olmuş rayonların sahibkarlarına yaşıl artım, ekoloji təmiz məhsullar və digər adekvat mövzularda təlimlər keçirilib. Təlimlər Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyi, Biləsuvar və ətraf rayonlarda yaşayan keçmiş məcburi köçkün sahibkarlarını əhatə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts