Novruz – birlik, həmrəylik, yenilik və mənəvi təmizlik bayramı

Tokio, 20 mart , /AJMEDIA/

Bu gün syverenliyini, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan ilk dəfə Novruzu qarşılayır. Bu söz bütün xalqımızda yalnız xoş hisslər yaşadır. Hamı, istər balacalar, istər gənclər, istərəsə də yaşlı nəslin nümayəndələri özü ilə bahar təravəti gətirən bu müqəddəs bayramı böyük sevinc hissi ilə qarşılayır. Bir-birini svinclə təbrik edən insanların üzündə gülüş və sevinc hiss olunur. Novruzun gəlişi zamanı nəinki kədərlənən, hətta ona biganə qalan bir nəfər də tapa bilməzsiz. Bu bayram həyatımıza xoş hisslər gətirən, hər birimizi pozitiv emosiyalara yükləyən, birmənalı olaraq hamını sevindirən bir gündür. Xalqımıza məxsus bayramlar içində müxtəlif məzmunlu sevindirici günlər nə qədər çox olsa da Novruzun gəlişi həmişə eyni xoş hissləri yaşamaq və təzələmək baxımından nadir bir mədəniyyət nümunəsidir. Novruz bayramının mahiyyətində təbiətlə insanı birləşdirən, insana təbiətin bir parçası olduğunu daim xatırladan bir fəlsəfə yaşayır. Bu, insanlar arasında səmimiyyət, dostluq, həmrəylik və xoş məramlılıq fəlsəfəsidir. Təsadüfi deyil ki, Novruz bayramı dünyanın ən dəyərli mədəni nailiyyətlərini qeydə alan və onu ümumbəşəri mədəniyyət nümunəsi kimi bütün dünyaya aşılayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Deməli, belə bir fəlsəfəni hamılıqla qəbul edən xalqlar dünyanın ən mədəni, eləcə də sülh və həmrəylik kimi humanist xüsusiyyətlərin daşıyıcıları olan xalqlardır. Bu dəyərləri özündə daşıyan Azərbaycan xalqının nümayəndəsi olmaq çox qürurvericidir.

Hər bir xalqın təqvimində dünyanın müxtəlif dövlətləri tərəfindən istirahət günü kimi elan edilən çoxsaylı bayramlar var. Novruz bayramı onlardan fərqlidir. Belə ki, Novruz həmişə xalqımızın bütün nümayəndələrinin bayramı olub. Hətta dövlət səviyyəsində bu bayramın qadağan olunduğu zamanlarda belə Azərbaycan xalqı Novruz ənənələrinə sadiq qalaraq onunla bağlı ayinləri və adətləri yaşadıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramının mahiyyətini və dəyərini çox böyük ustalıqla belə izah etmişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Bu bayram insanlığa doğma və təbii olan adət-ənənələrin, əcdadlarımızın əqidəsinə və mədəni irsinə sədaqətin təzahürü kimi minilliklər ərzində xalqımızın ruhunda və qəlbində yaşadıb-yaratdığı yüksək mənəvi dəyərdir. Bu dəyəri müdrik Şərq xalqları və onun təmsilçilərindən biri kimi bizim əcdadlarımız yaratdı və ağı qaradan yaxşı seçən zaman onu bütün insanlıq üçün bəşəri dəyərə çevirdi. Yüz illərlə xalqımız ən xoş ümidlərini Novruza bağlayıb, səadəti, firavanlığı və xoşbəxtliyi Novruzdan gözləyib.

Son onilliklər ərzində hər Novruz bayramında növbəti bayramı işğaldan azad olunmuş torpaqlarda qarşılamağı və qeyd etməyi arzuladığımız xalqımızın yaxşı yadındadır. Məhz bu Novruz arzuları xalqımızın ümidlərini doğrultdu. Artıq dördüncü ildir ki, uzun müddət həsrət qaldığımız Vətən torpaqlarında Novruz tonqalları qalanır. Yaxın keçmişin ağrı-acıları bu tonqalların alovları içərisində yandırılıb külə çevrilir. Novruzun hər gəlişi ilə sanki insanlıq öz həyatını bir zaman dayandığı yerdən yenidən başlayır. Novruz sözünün əsl mənası öz əksini real həyatda tapır – hər bir insanın, xalqın, sivilizasiyanın həyatında yeni gün başlayır. Bax, budur Novruz fəlsəfəsinin təntənəsi. Bu təntənəni Prezident İlham Əliyev azad Xankəndində bayram tonqalını alovlandıran zaman belə ifadə etmişdi: ‘‘Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Belə bir əziz gündə – dostluq, həmrəylik, yenilik, mənəvi təmizlik və ruhi oyanış günündə Novruz ənənələrinə sadiq olan bütün insanların xoşbəxtliyi bizi sevindirir. Hər kəsin özünü xoşbəxt hiss etməsi bütün xalqımızı sevindirir. Hər kəs gələcəyə böyük ümidlə baxır, hər kəs özünün xoş arzularına qovuşmaq üçün xoş niyyətlər tutur və bu niyyətlərin həyata keçməsi üçün yalnız və yalnız insanlığa xoş olacaq addımlar atmaq haqqında düşünür. Yalnız xoş niyyətlər və xoş arzular insanlığı səadətə qovuşdura bilər. Ona görə bu gün ən xoş arzularımızı bütün insanlığa çatdırırıq. Bəşəriyyətə və onun ən qədim və mədəni parçası özündə birləşdirən xalqımıza ən xoş arzularımızı çatdırırıq.

Vüqar Aağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts