Marneulidə Novruz bayramı qeyd olunub

Tokio, 21 mart , /AJMEDIA/

Martın 21-də Gürcüstanın Marneuli rayonunda Novruz bayramı qeyd olunub.

AJMEDIA xəbər verir ki, bayram şənliyində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Barışıq və Vətəndaş Bərabərliyi naziri Tea Axvlediani, hökumət üzvləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturaşvili, Marneulinin meri Kənan Ömərov, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş nazir və digər rəsmi şəxslər əvvəlcə Marneulinin mərkəzində Novruz bayramı ilə əlaqədar təşkil olunmuş guşələri ziyarət ediblər.

Baş nazirə Novruz bayramı barədə məlumat verilib, hədiyyələr təqdim olunub.

Sonra rəsmilər Novruz tonqalını alovlandırıblar.

Daha sonra Baş nazir və onu müşayiət edən şəxslər 2023-cü ildə uğur qazanan idmançılarla görüşüb, onlara mükafatlar veriblər.

Baş nazir İrakli Kobaxidze ölkənin azərbaycanlı icmasına Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Novruzu qeyd edən insanlara cansağlığı, sülh və tərəqqi arzulayıb.

Hökumət başçısı deyib: “Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşımız Azərbaycanı, Türkiyəni, bu bayramı qeyd edən hər kəsə təbriklərimi çatdırıram. Vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, xalqımıza daha çox sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş, çox ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu gün sülh, firavanlıq, sevinc, bütün insanlarla bağlı olması ilə simvolikdir. Ölkəmizin bu gün möhkəm birliyə ehtiyacı var və ən yaxşısı odur ki, biz buna nail olmuşuq”.

Sonra Azərbaycandan gəlmiş müğənnilər, rəqs qrupları, eləcə də yerli musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.

Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarının, paxlava və şəkərburanın dadına baxıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts