İdmançılarımız muay-tay üzrə gənclər arasında keçirilən dünya çempionatında uğurla çıxış ediblər

Tokio, 21 avqust , /AJMEDIA/

Azərbaycan idmançıları avqustun 9-dan 20-dək Kuala Lumpurda keçirilən muay-tay üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış ediblər.
AJMEDIA xəbər verir ki, təntənə ilə baş tutan açılış mərasiminə Malayziyanın Baş naziri İsmayıl Sabri Yakoob, yüksəkvəzifəli rəsmilər və xarici səfirlər qatılıb. Belə ki, çempionatda 110 ölkədən 3000-dən çox gənc idmançı güclərini sınayıb. Bir sıra ölkələrin komandaları yarışlara 30-40 nəfərlik heyətlə, bəziləri isə iki komanda ilə qatılıblar.
Azərbaycanı çempionatda baş məşqçi Fəxri Əliyevin və məşqçi Kamil Qasımovun rəhbərliyi ilə 6 nəfər gənc döyüşçüdən ibarət heyət təmsil edib. Saylarının az olmasına baxmayaraq, idmançılarımız əldə etdikləri uğurlarla bu idman növünün Azərbaycanda güclü ənənələrə və böyük gələcəyə malik olduğunu nümayiş etdiriblər. Bir çox ölkə komandaları bir medal əldə edə bilmədiyi halda, Azərbaycanı təmsil edən bütün idmançılar çempionatda medal qazanıblar. Belə ki, 60 kiloqram çəki dərəcəsində Xəyal Əliyev və 48 kiloqram çəki dərəcəsində Nihad Şoranov birinci yerə, 42 kiloqram çəki dərəcəsində Natiq Əliyev ikinci yerə, 75 kiloqram çəki dərəcəsində Rəvan Qasımov, 54 kiloqram çəki dərəcəsində Murad Nuruzadə, 48 kiloqram çəki dərəcəsində İzzət Həsənov isə üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, dünyada getdikcə daha çox populyarlıq qazanan bu şərq döyüş növünün 2024-cü ildən etibarən Olimpiya Oyunlarının proqramına daxil ediləcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts