Gürcüstan Bedoba bayramını qeyd edir

Tokio, 2 yanvar , /AJMEDIA/

Gürcüstan bu gün Bedoba (Tale Günü – Qədər Günü) bayramını qeyd edir.
AJMEDIA xəbər verir ki, Bedoba tərcümədə bedi-tale, qədər mənasını verir və bu bayram lap qədimdən hər il yanvarın 2-də Gürcüstanda qeyd olunur.
Əslində, bu bayram, gürcü xalqının qədim ənənələrindən biridir. Ənənəyə görə, Bedoba bayramını necə qarşılayarsansa bütün il elə keçəcək. Əvvəllər ailələr hətta əvvəlcədən bir mekvle – ağsaqqal seçiblər və bu insanın onlara qonaq gəlməsi evlərinə firavanlıq və uğur gətirərmiş.
Bu gün də Gürcüstanda Bedobaya hörmətlə yanaşılır. İnsanlar bayramı əzizlərinin əhatəsində keçirir, yaxınlarını ziyarət edir və hədiyyələr verirlər. Bayramın bir maraqlı cəhəti də ondadır ki, ənənələrə sadiq qalaraq gürcülər Bedobada borc almamağa və borc verməməyə çalışırlar, ailədə mübahisə etmirlər.
Bedobanın əsas rituallarından biri də “tale çörəyi” bişirməkdir. Ölkənin müxtəlif bölgələrində “tale çörəyi” fərqli bişirilir. Ölkənin şərqində ədviyyatlı şirin nazuki tortları, cənubda – somini çörəyi (dəyirmi çörək) və kadu ola bilər.
Samtsxe-Cavaxetiyada, tarixi Mesxeti ərazisində Bedoba üçün “tale çörəyi” hazırlanır. Bunun ailəyə xoşbəxtlik gətirəcəyinə inanılır. “Tale çörəyi”nin içərisində bir sikkə gizlədilir və bu pul kimin qismətinə çıxarsa, yeni ildə o çoxlu uğur qazanar.
Samtsxe-Cavaxetiya bölgəsində bəzi ailələrdə “Tale çörəyi” ilə yanaşı “Vasili” adlı, kişi şəklində çörək də bişirirlər.
Əvvəllər Gürcüstanda Yeni il “Vasili Günü” (Böyük Vasili) adlanırdı. Ona görə ki, Pravoslav Kilsəsi yanvarın 1-ni Böyük Vasili günü kimi qeyd edirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts