Formula 1 Azərbaycan Qran-Prisinin başlanmasına sayılı günlər qalıb

Tokio, 29 may , /AJMEDIA/

Formula 1 Azərbaycan Qran-Prisinin başlanmasına sayılı günlər qalıb. İkiillik fasilədən sonra azarkeşlər Bakı yarışını canlı izləməklə yanaşı, 3 gün davam edəcək yürüş zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.
AJMEDIA xəbər verir ki, tədbirlər rəngarəngliyi ilə seçilərək, müxtəlif konseptlərdə təqdim olunacaq. Nümayiş ediləcək stendlərin bir hissəsi (Zona 2) Azərbaycan mədəniyyətindən, incəsənətindən və tarixindən ilham alır. İştirakçılar burada ölkəmizin mədəni ruhunu, qədim dövrlərdən bu günə miras qalmış ənənələrindən bir sıra nümunələrin canlı şahidi olacaqlar.
Azarkeşlər “Qobustan” guşəsində qaya rəsmlərinin qarşısında şəkil çəkdirəcək, qaval daşının sədalarından həzz alacaqlar. Səhnələşdirilmiş geyimlərdə çıxış edən sənətçilər həmin dövrlərə aid rəqsləri, ovçuluq ənənələrini göstərərək, tamaşaçıları yallı getməyə dəvət edəcəklər.
“Azerbaijan Cultural Corner” interaktiv guşəsinə baş çəkməklə keçmişə səyahət etmək, əsrlər öncəki milli ab-havanı duymaq imkanı olacaq. Rəngarəng ornamentli xalçalar, milli geyimlər, nümayiş olunan qədim eksponatlar, mis və saxsı qablar mədəni-tarixi vəhdət yaradacaq.
Əyləncə zonasında “Nəhəng əllər” guşəsi və milli ornamentlərlə bəzədilmiş F-1 bolidi də olacaq.
Dənizkənarı Milli Parkda təşkil ediləcək əyləncə proqramlarına yalnız bilet sahibləri qatıla biləcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts