BMT: Yaxın Şərq və Şimali Afrikada ərzaq qiymətlərinin artması uşaqlar arasında aclıq təhlükəsini artırıb

Tokio, 10 aprel , /AJMEDIA/

BMT-nin son hesabatında bildirilib ki, Ukraynadakı müharibənin qlobal ərzaq qiymətlərinə böyük təsiri Yaxın Şərq və Şimali Afrikada milyonlarla uşaq üçün kütləvi qida çatışmazlığı böhranı riskini artırıb.

AJMEDIA xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF) ərzaq məhsullarının 90 faizindən çoxunun idxal edildiyi Yaxın Şərq və Şimali Afrikada ağır vəziyyətin yarandığını bildirib. Buğda, bitki yağı və yanacaq da daxil olmaqla, zəruri malların qiymətləri də xeyli artıb və bu vəziyyət davam edərsə, Misir, Livan, Liviya, Sudan, Suriya və Yəməndəki əhali, o cümlədən uşaqlar aclıq təhlükəsi ilə üzləşə bilərlər.

UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adel Xodrun sözlərinə görə, davam edən münaqişələr, siyasi qeyri-sabitlik, COVID-19 pandemiyası və Ukraynadakı müharibə səbəbindən ailələrin çoxu yetərincə ərzaq ala bilmir.

“Bu çoxsaylı problemlər səbəbindən səfil uşaqların sayının kəskin şəkildə artması ehtimalı var” deyən Xodr donor ölkə və təşkilatlara səyləri birləşdirmək çağırışı ünvanlayıb.

BMT-nin Uşaq Fondu u beş yaşınadək uşaqlarda zəifləmənin erkən aşkarlanması və onların həyatının xilas edilməsi istiqamətində öz tərəfdaşları ilə birlikdə mikronutrient əlavələri və böyümənin monitorinqi də daxil olmaqla profilaktik qidalanma xidmətləri, ana südü ilə qidalanma və yaşa uyğun əlavə qidalanma ilə bağlı məsləhət və dəstək göstərir.

Fondun məlumatına görə, onun xətti ilə Yaxın Şərq və Şimali Afrika ölkələrində hər on uşaqdan dördü zəruri qida məhsulları ilə təmin edilir. Eyni zamanda, regionda azyaşlıların yetərincə qidalana bilməməsi əmsalı yüksəkdir və dünyada ən çox mikronutrient çatışmazlığı burada müşahidə olunur. Məsələn, Yəməndə uşaqların 45 faizində böyümə geriliyi, 86 faizində isə anemiya var. Bu halların əsas səbəbləri qida çatışmazlığı, xüsusilə də dəmir, B12 və A vitaminlərinin çatışmazlığıdır. Sudanda uşaqların 13,6 faizi ifrat arıqlamaqdan, təxminən yarısı isə anemiyadan əziyyət çəkir. Livanda da vəziyyət acınacaqlıdır. Bu ölkədə azyaşlıların 40 faizindən çoxunda anemiya var. 2021-ci ildə orta ərzaq səbətinin qiymətinin təxminən iki dəfə artdığı Suriyada hər dörd uşaqdan yalnız biri kifayət qədər sağlam qidalanır.

BMT inkişaf etmiş ölkələri və donor təşkilatları region ölkələrində uşaqların həyatını xilas etməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts