Azərbaycan və Qazaxıstan səfirlikləri Vyetnamda Novruz şənliyi təşkil edib

Tokio, 20 mart , /AJMEDIA/

Azərbaycanın və Qazaxıstanın Vyetnamdakı səfirliklərinin birgə təşkilatçılığı ilə Hanoy Ticarət və Turizm Kollecində Novruz şənliyi keçirilib.

Ölkəmizin Vyetnamdakı səfirliyindən bildiriblər ki, bayram şənliyində Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Avstraliya, Kanada, Ukrayna, Panama, Kamboca və Fələstinin Vyetnamdakı səfirləri, diplomatlar, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Azərbaycanda təhsil almış vyetnamlılar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Səfir Şövqi Mehdizadə Novruzun xalqımızın çoxəsrlik tarixində özünəməxsus yeri olduğunu, hər il dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qeyd edildiyini, həmçinin bu bayramın Vyetnamın Yeni il bayramı Tet ilə bir çox oxşar xüsusiyyətlərinin olduğunu bildirib. O, 2024-cü ilin Vyetnamın ilk Prezidenti Ho Şi Minin Azərbaycana və Qazaxıstana səfərinin 65 illiyi ilə əlaqədar əlamətdar olduğunu vurğulayaraq, sözügedən səfərin xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasında xüsusi önəmə malik olduğunu qeyd edib.

Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tumış, Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trin Ti Tu Ha və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nqiem Vu Xay bayram təbriklərini çatdıraraq, bu tədbirin Azərbaycan, Qazaxıstan və Vyetnam arasında mədəni və diplomatik əlaqələrin təşviqi, eləcə də ənənəvi dostluq münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıblar.

Azərbaycanlı aşpaz, Dünya Barbekü Assosiasiyasının nümayəndəsi David İsrafilov Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdimatını keçirib.

Qonaqlar milli mətbəximizin ləziz təamlarından plov, dolma və kababların dadına baxıblar. Eyni zamanda, qonaqlara müxtəlif növ Novruz şirniyyatları və səməni ilə bəzədilmiş xonçalar təqdim edilib. Habelə Novruz bayramı və Azərbaycanın turizm potensialı haqqında videoçarxlar və xalqımızın mədəniyyətini özündə əks etdirən milli geyimlər nümayiş olunub.

Tədbirin bədii hissəsində Vyetnamda yaşayan soydaşımız Sevinc Orucovanın, vyetnamlı məzunların və kollec tələbələrinin ifasında Azərbaycan və Vyetnam mahnıları səsləndirilib, Novruz tonqalı alovlandırılıb, qonaqlar şən musiqi sədaları altında rəqs ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts