Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Yaponiyanın Şika şəhərinin meri ilə onlayn görüş keçirib

Tokio, 2 Oktyabr, /AJMEDIA/

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru ilə görüş keçirib.

AMPK-dan AJMEDIA-ya bildiriblər ki, onlayn formatda keçirilən görüşdə İ.Rəhimov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarından əvvəl üzgüçülük üzrə milli komandanın üzvləri üçün yaradılmış şəraitə görə merə təşəkkür edib.

“Tokio-2020”nin Azərbaycanın Paralimpiya milli komandası üçün çox məhsuldar olduğunu vurğulayan İ.Rəhimov deyib: “İdmançılarımız əzmkarlıq nümayiş etdirərək 19 medal – 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazandılar. Komandamız 163 ölkə arasında Oyunları onuncu pillədə tamamladı. Üzgüçülük üzrə idmançılarımızın qələbəsində Şika şəhərinin öz yeri var. Yaradılan şəraitə və qonaqpərvərliyə görə merə və şəhər sakinlərinə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bizim aramızda yaranmış dostluq əlaqələri daha da inkişaf edəcək”.

Koizumi Masaru yarışları izlədiyini və üzgüçülük üzrə fərqli kateqoriyalarda 4 qızıl medalın qazanılmasını möhtəşəm nəticə kimi dəyərləndirib. O, Azərbaycan milli Paralimpiya komandasını belə yüksək nailiyyətlərinə görə bir təbrik edib. Mer gələcəkdə əməkdaşlığın müxtəlif sahələrdə davam edəcəyinə əmin olduğunu vurğulayıb.

Görüşdə iştirak edən üzgüçü, üçqat Paralimpiya çempionu Raman Saleh, “Tokio-2020”nin qalibi Vəli İsrafilov və yığmamızın ən gənc üzvü Dana Şandıbina yaradılmış şəraitə görə merə və şəhər sakinlərinə təşəkkürlərini bildiriblər.

Görüşdə Şika şəhərinin məktəbliləri də iştirak ediblər.

Qeyd edək ki, üzgüçülük üzrə milli komandamız “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarından əvvəl sonuncu təlim-məşq toplanışını Yaponiyanın Şika şəhərində keçirib və Oyunları 4 qızıl və yenilənmiş Paralimpiya rekordu ilə tamamlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts