Azərbaycan güləşçisi: Gələn ildən özümü Olimpiya çəkisində sınamaq istəyirəm

Tokio, 6 fevral , /AJMEDIA/

“Reytinq turnirinə hazırlıq səviyyəm yaxşı idi. Yarışın gedişində də özümü normal hiss edirdim. Həm fiziki, həm də taktiki-texniki cəhətdən hazırlıqlı idim”.

AJMEDIA xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş reytinq turnirində qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

72 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı turnirin onun üçün belə rahat keçəcəyini gözləmədiyini bildirib: “Bu, yüksək hazırlıq səviyyəsinin bəhrəsidir. Psixoloji cəhətdən də yarışa tam hazır idim. Çoxlu fəndlər işlətdim. Bütün görüşlərimdə 4 xallıq fəndim oldu”.

O, yarışdan sonra Poreçdə təşkil olunmuş təlim-məşq toplanışının çox faydalı alındığını söyləyib: “Çünki bu cür toplanışlarda çoxlu sayda sınaqçı rəqiblər olur. Onlarla işlədikcə, formaya düşürsən və gücün daha da artır. Güc və dözümlülük sarıdan artım hiss olunur. Həm də belə toplanışlarda potensial rəqiblərin güclü və zəif tərəflərini öyrənirsən”.

Avropa çempionatında əsas rəqiblərindən biri sayılan türkiyəli Ali Arsalanın artıq onun çəkisində güləşməyəcəyinə də toxunan Ü.Qənizadə bunun qələbə şanslarını artırmadığını vurğulayıb: “Yarışın rahat olacağını fikirləşmirəm. Ötən il finalda qalib gəldiyim Fransa güləşçisi də yuxarı kateqoriyaya keçib. Onlardan başqa da ciddi rəqiblərim var. Türkiyə, Ukrayna və Macarıstan güləşçilərini qeyd edə bilərəm. Avropa və dünya çempionatının medalçılarıdırlar. Buna baxmayaraq, özümə inanıram”.

Ötən il Avropa çempionu olduqdan sonra dünya çempionatı ilə erkən vidalaşan güləşçinin sözlərinə görə, sabit uğur üçün ilk növbədə yarışlara psixoloji cəhətdən tam hazır olmaq lazımdır: “İkincisi, fiziki, taktiki və texniki hazırlıq yüksək səviyyədə olmalıdır”.

İdmançı 2025-ci ildən özünü Olimpiya çəkisində sınamağı düşündüyünü bildirib: “67 kiloqramda güləşmək istəyirəm. Təəssüf ki, bu il dünya çempionatı olmayacaq. Onu da qeyd edim ki, idmanda qələbə də var, məğlubiyyət də. Əsas insanlığımızı itirməyək. O zaman hər şey qaydasına düşəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts