“Araz-Naxçıvan” komandası Rumıniya çempionuna qalib gəlib

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” komandası bu gün ikinci oyununu keçirib.

AJMEDIA xəbər verir ki, “Araz-Naxçıvan” Ukraynada Rumıniya çempionu “Yunayted Qalati” ilə qarşılaşıb.

İlk matçdan fərqli olaraq bu dəfə Xətai Bağırov heyətdəki yerini alıb. Oyuna təmsilçimiz üstün başlayıb. İkinci dəqiqədə X.Bağırov dönüşünü qolla qeyd etməyə yaxın olub. O, qapıçını keçsə də, fərqlənməyi bacarmayıb. David Qustavonun 4-cü dəqiqədəki zərbəsi isə dəqiq alındı. O, ikinci “dördlük”də meydana çıxışını qolla qeyd edib. Bu dəfə Naxçıvan təmsilçisinin digər üzvü Maneka toru silkələməyi bacarıb. Ardıcıl qollardan sonra rəqib fərqi minimuma endirib. Araujo qolun müəllifi olub. Braziliyalı 17-ci dəqiqədə dubl etməklə hesabı da bərabərləşdirib. Amma fasiləyə “Araz-Naxçıvan” üstün yollanıb. Murilo ilk hissənin sonuna 17 saniyə qalmış komandamızın üçüncü qolunu vurub.

İkinci hissədə Felipinyo, X.Bağırov, D.Qustavo bir neçə epizodda fərqi artırmaq şansını qaçırıblar. Oyunun 36-cı dəqiqəsində rəqib meydanda azlıqda qalıb. Cəmi 15 saniyə kifayət etdi ki, təmsilçimiz üstünlüyünü 2 topa çatdırsın. İsa Atayev qapıya zərbə endirməyə cəhd etsə də, zərbəsi ötürmə kimi alınıb. Qapı qarşısında nəzarətsiz qalan D.Qustavo bu hədiyyədən məmnuniyyətlə faydalanıb. Sonrakı 1 dəqiqə ərzində tərəflər hərəyə bir dəfə də fərqlənmək imkanı qazanıb. Araujo het-trik etsə də, Felipinyo oyunda özünün qol hesabını açıb.

Beləliklə, görüş “Araz-Naxçıvan”ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti oyununu oktyabrın 31-də Kosovo çempionu “Liqeni”yə qarşı keçirəcək. Naxçıvan təmsilçisi ilk oyununda isə Ukraynanın “Uraqan” komandasına 1:2 hesabı ilə uduzub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts