ABŞ və Mərkəzi Asiya ölkələrinin birinci beynəlxalq forumu keçirilib

Tokio, 16 mart , /AJMEDIA/

Almatıda ABŞ və Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın biznes və hökumət nümayəndələrinin iştirakı ilə birinci beynəlxalq B5+1 forumu keçirilib. Forumda Mərkəzi Asiyanın beş ölkəsindən və ABŞ-dan 200-dən çox ekspert və sərmayəçi iştirak edib.

AJMEDIA “Kazinform” agentliyinə istinadla xəbər verir ki, B5+1 təşəbbüsü ABŞ və Mərkəzi Asiya ölkələrinin biznes ictimaiyyəti ilə hökumətlər arasında fəal qarşılıqlı əlaqəni təmin etmək məqsədi daşıyır. Forum kritik iqtisadi məsələlərin müzakirəsi, eləcə də onların həlli üçün konkret addımların atılması istiqamətində platformaya çevriləcək və 2023-cü ilin sentyabrında Nyu-Yorkda dövlət başçılarının sammitində təklif olunan B5+1 platformasının rəsmi açılışı olacaq.

ABŞ Prezidentinin Rusiya və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Nikolas Berliner forumdakı çıxışında bildirib ki, B5+1 Mərkəzi Asiya coğrafiyasından da kənara çıxacaq regional iqtisadi inteqrasiyanın katalizatorudur. O əlavə edib ki, Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığı çərçivəsində qlobal çağırışların həlli üçün yeni bazarlar və şirkətlər yaradılır.

Qazaxıstan Respublikası Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov qeyd edib ki, forum təcrübə və fikir mübadiləsi platforması olmaqla yanaşı, müxtəlif suallara birgə cavab tapmaq imkanı yaradır. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri Qərb bazarlarına çıxışı asanlaşdırmaq məqsədilə yeni nəqliyyat-tranzit infrastrukturu yaradılmasında maraqlıdır. Region ölkələri ilə ABŞ biznesi arasında əməkdaşlığın gücləndirilməsi bərpa olunan enerji, nəqliyyat və logistika, elektron ticarət, turizm və kənd təsərrüfatının, eləcə də sənayenin inkişafı kimi sahələrdə yeni imkanlar təqdim edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts