Xalq artisti Hacıbaba Bağırovun məzarı ziyarət olunub

Tokio, 13 iyun , /AJMEDIA/

Bu gün unudulmaz sənətkarımız, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı silsilə tədbirlər həyata keçirir. Teatrın kollektivi əvvəlcə mərhum aktyorun məzarını ziyarət edərək üzərinə əklil və gül dəstələri qoyublar.
AJMEDIA xəbər verir ki, ziyarətdə iştirak edən Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub. Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.
Qeyd edək ki, bu gün həmçinin Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyinə həsr olunmuş “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) tamaşası nümayiş olunacaq.
Xatırladaq ki, bu tamaşa illər öncə H.Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanıb. Tamaşanın premyerasına az qalmış, 2006-cı ilin oktyabrında aktyor vəfat etdiyinə görə 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası mərhum sənətkarın xatirəsinə ithaf olaraq onu sevənlərə bir hədiyyə kimi təqdim edilib.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşa səhnəyə qoyulduğu gündən böyük maraqla qarşılanır və bu gün 81-ci dəfə nümayiş olunur.
Tamaşadan öncə foyedə aktyorun “O olmasın, bu olsun” musiqili komediyasında oynadığı Məşədi İbad (1998), “Bankir adaxlı”da Atakişi (2002), “Adamın adamı”nda Əli Əyrizadə (2005), “92 dəqiqə gülüş” konsert-kompozisiyasında isə Sonqulu (2004) obrazlarının səhnə geyimləri də sərgilənəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts