Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək

Tokio, 22 aprel , /AJMEDIA/

Aprelin 23-də Bakı Müasir Musiqi Cəmiyyəti Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, Xalq artisti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş “Homage a FQ” adlı konsert təşkil edəcək.

AJMEDIA xəbər verir ki, Fərəc Qarayevin 80 illik yubileyi münasibətilə keçirilən konsertdə bəstəkarın “Üç baqatel”, “Nağıllar nağılı və yaxud dünənki sabah”, “Cənab səfir Yafaya vasil oldu”, “Xütbə, Muğam və Surə” əsərləri ifa olunacaq.

Konsertdə musiqişünas Sara Timurova çıxış edəcək və proqram BCMS Ensemble, Fəridə Məmmədova (soprano), Rəna Fəhradova (piano), Sahib Paşazadənin (tar) ifasında, Orxan Həşimovun dirijorluğu ilə təqdim olunacaq.

Fərəc Qarayev həm bəstəkarlıq, həm də pedaqoji fəaliyyəti ilə musiqi tariximizdə yeni yol açmış şəxsiyyətdir. O, 1966-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) atası, professor Qara Qarayevin sinfi üzrə bitirdikdən sonra elə orada dərs deməyə başlayıb, 1999-cu ildən isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru olub. O, öz fəaliyyətində sadəcə bəstəkarlıqla kifayətlənməyib, həm Moskvada, həm də Bakıda müxtəlif müasir musiqi layihələrinin təşəbbüskarı, rəhbəri olub. Fərəc Qarayev yaradıcılığında XX əsrin bir çox bəstəkarlıq anlayışları, həmçinin neoklassisizm, serializm, puantilizm, sonorostika və s. kimi çağdaş təmayüllər xarakterikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts