Vyanada anomal istilərlə əlaqədar daimi yaşayış yeri olmayanlar üçün mərkəzlər açılıb

Tokio, 21 iyul , /AJMEDIA/

Avropanın bir çox ölkələri kimi Avstriyada da anomal istilər özü ilə bir sıra problemlər gətirib. Yaşlı, müəyyən xəstəlikləri olan insanlarla yanaşı daimi yaşayış yeri olmayanlar isti hava şəraitinin mənfi təsirlərinə məruz qalırlar.
AJMEDIA xəbər verir ki, paytaxt Vyana şəhərində daimi yaşayış yeri olmayan şəxslər üçün xüsusi günlük mərkəzlər açılıb. Mərkəzlərin əməkdaşları şəhərin ictimai məkanlarında bu kateqoriyaya daxil olan şəxslərə yüksək temperaturun hökm sürdüyü günlərdə istidən qorunmağın yollarına dair maarifləndirici söhbətlər etməklə yanaşı, onları günlük mərkəzlər barədə məlumatlandırır və onları günün isti hissəsində orada vaxt keçirməyə dəvət edirlər.
Vyana Mənzilsiz İnsanlara Yardım Təşkilatı tərəfindən açılmış doqquz mərkəz hər gün təxminən 700 nəfərə xidmət göstərə bilir. Mərkəzlərin bəzilərində evsiz-eşiksiz insanlar üçün təkcə istidən qorunmaq imkanı yaradılmır, eyni zamanda burada qidalanmaq, yemək bişirmək və paltarlarını yumaq üçün bütün şərait mövcuddur.
Vyana meriyasının sosial məsələlər üzrə müşaviri Markus Bousska bildirib ki, xroniki xəstəliyi olanlar, fiziki məhdudiyyətli insanlar, ahıllar ilə yanaşı daimi yaşayış yeri olmayan şəxslər də istilərdən qorunmaqda çətinlik çəkirlər. Yaradılan mərkəzlər həm insanların sərinlənməsi, gündəlik qayğılarının bir hissəsini həll etməsi və eyni zamanda vaxtlarını səmərəli keçirməsi üçün bütün imkanları təqdim edir.
Qeyd edilib ki, isti hava şəraiti ilə bağlı şəhər sakinləri, həmçinin şəhər səhiyyə məsləhət xidmətinin qaynar xəttinə də müraciət edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts