Vətən müharibəsi şəhidi Elşad Əliyevin əziz xatirəsi anılıb

Tokio, 4 iyun , /AJMEDIA/

Ağdaş rayon Tofiqi kəndinin Vətən müharibəsi şəhidi Əliyev Elşad Mehman oğlunun doğum günündə əziz xatirəsi dərin hüznlə anılıb.
AJMEDIA xəbər verir ki, tədbirdə İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Elşad Əliyevin ailəsini ziyarət edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev şəhidin ailəsinə başsağlığı verib, xatirəsini dərin ehtiramla anıb.
Qeyd edilib ki, yaşasaydı Elşadın 30 yaşı tamam olacaqdı. Şəhid Əliyev Elşad Mehman oğlu 1992-ci il iyunun 4-də Ağdaş rayonunun Tofiqi kəndində anadan olub. O, 2010-2012-ci illərdə hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində keçib. Xidmətdə olduğu müddətdə kollektiv arasında böyük hörmət qazanıb, qüsursuz xidmətinə görə təşəkkürnamə ilə təltif olunub.
2020-ci il sentyabr ayının 21-də Ağdaş rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təkrar ordu sıralarına çağırılıb.
Sentyabr 27-də başlanan İkinci Qarabağ müharibəsində tankçı kimi vuruşaraq düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv edib. Vətən müharibəsi başladıqda Elşad Əliyev Füzulinin işğaldan azad olunması uğrunda gedən əməliyyatlarda qəhrəmanlıq göstərib.
2020-ci il oktyabrın 15-də şəhid Elşad Əliyev Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 16-da doğma kəndində dəfn edilib.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Əliyev Elşad Mehman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts