Ukrayna NATO-nun Vilnüs sammitindən nə gözləyir

Tokio, 11 aprel , /AJMEDIA/

Ukraynanın müharibə şəraitində yaşamasına baxmayaraq, rəsmi Kiyev diplomatiya cəbhəsində prioritet hesab etdiyi strateji hədəflərə nail olmaq istiqamətində səylərini davam etdirir. Bu hədəflərdən biri, bəlkə də birincisi Ukraynanın NATO-ya üzv qəbul olunmasıdır.
Rəsmi Kiyev NATO məsələsində hətta müttəfiqlərinə güzəştə getmək niyyətində olmadığını bəyanatlarında və əməllərində göstərir. Bu günlərdə Prezident Volodimir Zelenskinin Polşada verdiyi bəyanatı xatırlatmaq kifayətdir ki, Ukraynanın NATO mövzusuna necə həssaslıqla yanaşdığını təsəvvür edək. Zelenski müttəfiqlərini Ukraynanın NATO-ya üzv olmasına alternativlik axtarmamağa çağırıb və bu yolda rəsmi Kiyevin barışmaz olacağını bəyan edib.
Ümumiyyətlə, Kiyevin NATO-nun bu yay Vilnüsdə keçiriləcək sammitindən gözləntiləri böyükdür. Artıq Litva Seymi Ukraynanın Alyansa qoşulması üçün rəsmi dəvəti özündə əks etdirən qətnamə qəbul edib. Sənəddə deyilir ki, NATO-nun Vilnüs sammitində Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək, şərtlər imkan verdikdə isə üzvlük protokollarını imzalamaq və ratifikasiya prosesinə başlamaq lazımdır.
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın fikrincə, ölkəni NATO üzvlüyünə yaxınlaşdıran istənilən qərar Alyansın iyul sammiti üçün uğurlu nəticə olacaq.
Ali Radanın deputatları bu prosesə dəstək üçün NATO ölkələrinə müraciət edilməsi təklif olunan qətnamə layihəsini təsdiqləyiblər. Bəzi ekspertlər isə hesab edirlər ki, üzvlük məsələsi Ukraynanın müharibədə qələbə qazanmasından sonra reallaşa bilər. Bu da təbiidir, NATO Nizamnaməsinə əsasən müharibə gedən ölkə Alyansa üzv qəbul edilə bilməz. Ona görə də Ukrayna müharibənin tez başa çatmasında maraqlıdır və uğurlu əks-hücumlara başlanılması istiqamətində bütün resurslarını səfərbər edib.
Digər tərəfdən, rəsmi Kiyev müharibə zamanı NATO-da ola bilməsə belə, bu müddətdə müvafiq təhlükəsizlik təminatlarına malik olmaq istəyir. Yəni Ukrayna Vilnüs sammitində məhz NATO dövlətləri tərəfindən təhlükəsizlik təminatları istiqamətində qarşılıqlı addımların atılmasını gözləyir.
Ukrayna gələcək illərdə Rusiyanın növbəti təcavüz aktına qarşı ən ciddi sığortanı Şimali Atlantika Alyansına üzv olmaqda görür. Rəsmi Kiyev artıq Vilnüs sammitində “Ukrayna NATO-ya üzv olmaq ərəfəsindədir” ifadəsini eşitmək istəyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts