Türkiyə və Misir prezidentlərinin görüşünə hazırlıq görülür

Tokio, 18 mart , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşünə hazırlıq işləri görülür.
AJMEDIA “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sami Şükri ilə Qahirədəki Tahrir sarayında keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
M.Çavuşoğlu deyib: “Biz Türkiyədə seçkilərdən əvvəl və ya sonra dövlət başçıları arasında görüşə şərait yaratmaq üçün çalışırıq və bu, onların təyin etdiyi tarixdə baş tutacaq”. O əlavə edib ki, iki ölkənin dövlət başçılarının görüşü çərçivəsində Türkiyə və Misir xalqları arasında qədim tarixə malik olan dostluq əlaqələrinin inkişafı istiqamətində mühüm sənədlərin də imzalanması nəzərdə tutulur.
S.Şükri deyib ki, türkiyəli həmkarı ilə məsləhətləşmələr “dərin, səmimi və şəffaf” olub. O əlavə edib ki, iki ölkənin son illərin məlum hadisələrindən sonra normal münasibətləri bərpa etmək üçün siyasi iradəsi var.
Türkiyə və Misir xarici işlər nazirlərinin görüşündə səfirlər səviyyəsində təmsilçiliyin bərpası məsələsi müzakirə olunub. Lakin səfirlərin mübadiləsi üçün dəqiq tarix müəyyən edilməyib. “Biz bu yolun gətirdiyi müsbət nəticələrə müvafiq olaraq, uyğun vaxtda ortaq bir məxrəcə gələcəyik. İki ölkə arasında diplomatik əlaqələr kəsilməyib. Diplomatik münasibətlər müvəqqəti işlər vəkilləri səviyyəsində davam edib. Ankarada Misirin, Qahirədə Türkiyənin təmsilçiliyi olub”, – deyə Şükri əlavə edib. O qeyd edib ki, bu müsbət nəticələr bir çox məsələlər, o cümlədən ikitərəfli münasibətlər və regional mövzular üzrə ümumi baxışların tapılması ilə başlayıb.
S.Şükri Türkiyə ilə koordinasiyanı davam etdirmək və münasibətləri bərpa etmək üçün hər iki ölkənin dövlət orqanları arasında kommunikasiya kanallarını açmaq istəyini də ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts