Tokio yaxınlığında 11 saat davam edən qarşıdurmadan sonra xilas edilən girov ölüb

Tokio, 28 yanvar, /AJMEDIA/

Tokio yaxınlığında təqribən 60 yaşlarında kişi onun evinə başsağlığı vermək üçün gələn tibb işçilərinə ov tüfəngindən atəş açaraq onları girov götürüb.

AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, təqribən 11 saat davam edən qarşıdurmadan sonra xilas edilən girovlardan biri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Tokio yaxınlığında yerləşən Saytama prefekturasının Fuzimino şəhərində baş verib. Yanvarın 28-də evə hücumla daxil olan polis hadisənin səbəbkarını həbs edib.

Bildirilir ki, yanvarın 27-də gecə saat 21 radələrində üç tibb işçisi ev sahibinin yaxın qohumunun vəfatı ilə başsağlığı vermək üçün həmin evə gəlib. Hadisə bundan sonra baş verib.

Yerli xilasedicilər gecə saat 21:15 dəqiqədə məntəqəyə zəng edən şəxsin iki nəfərin odlu silahla yaralanması barədə məlumat verdiyini bildiriblər.

Bütün gecə boyu davam edən qarşıdurma səbəbindən yaxınlıqda yaşayan 110 nəfər təxliyə olunub. Yaxınlıqda yerləşən ibtidai və orta məktəbdə də həmin gün dərslər təxirə salınıb.

Polisin məlumatına görə, gözlərinə gözyaşardıcı qaz sıxılmış həmin tibb işçilərindən birinə hazırda ilkin yardım göstərilir.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts