Sudan Ali Hərbi Şurasının sədri çevrilişlə bağlı mətbuata açıqlama verib

Tokio, 27 Oktyabr, /AJMEDIA/

Oktyabrın 25-də Xartumda hərbi çevriliş edən və bu ölkənin Baş naziri Abdalla Hamduku vəzifədən uzaqlaşdıran Sudan Ali Hərbi Şurasının sədri general Əbdülfəttah əl-Burhan beynəlxalq media nümayəndələri üçün mətbuat konfransı keçirib.

AJMEDIA xəbər verir ki, sudanlı general hərbi çevrilişin məqsədinin ölkədə vətəndaş müharibəsinin qarşısını almaq olduğunu deyib. O bildirib ki, Sudanın Baş naziri Abdalla Hamduk hazırda onun iqamətgahındadır və hökumət başçısının həyatı təhlükədə olduğu üçün bu addım atılıb. General əl-Burhan beynəlxalq mediaya müraciət edərək söyləyib ki, onlar öz xəbərlərində hərbçilərin ölkədə vəziyyətə nəzarət etməsini hərbi çevriliş kimi qələmə verməsinlər. O əlavə edib ki, əhalinin hüquqları təmin ediləcək və bir neçə saatdan sonra mobil rabitə və internet bərpa olunacaq.

Sudan Ali Hərbi Şurasının sədri məlumat verib ki, hərbçilər 2023-cü ilədək ölkədə vəziyyətə nəzarət edəcək və həmin vaxt sivil hökumətin seçkilər yolu ilə bərpasına şərait yaradacaq. Onun sözlərinə görə, İslam ölkələrindən müşahidəçilərin iştirak edəcəyi ümumxalq seçkilərindən sonra hərbçilər hökumətin fəaliyyətinə hər hansı formada müdaxilə etməyəcəklər.

Hazırda paytaxt Xartumda əhalinin hərbi çevrilişlə bağlı etiraz aksiyaları davam edir. Artıq iki gündür Sudanda fövqəladə vəziyyət rejimi hökm sürür. BMT, Afrika İttifaqı, İƏT və digər beynəlxalq təşkilatlar həbs edilmiş hökumət üzvlərinin azadlığa buraxılması, hərbçilər və sivil hökumət arasında danışıqlara başlanması tələbi ilə çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts