Qarabağ haqqında yeni kitabların təqdimatı olub

Tokio, 19 aprel , /AJMEDIA/

Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” və “Xocalı Şahidlər danışır” adlı kitablarının təqdimat keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edənlər kitablarla bağlı fikirlərini bölüşüblər.
Təqdimatda “Zəfər yolu” kitabının “Ön söz” müəllifi, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz canları bahasına Vətən torpaqlarını işğaldan azad etdi. Bu amal uğrunda şəhadətə yüksələn qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq: “Vətən müharibəsindən sonrakı dövrdə qarşımızda duran mühüm vəzifələrdən biri Qələbəmizi daha da möhkəmləndirmək, eləcə də tarixi Zəfərimizi dünya ictimaiyyətinə çatdırmaqdır. Biz bu gün çalışırıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraraq erməni vəhşiliyini ifşa edək. Bu baxımdan, belə əsərlərin ərsəyə gəlməsi çox önəmlidir. Diqqətçəkən mühüm amil ondan ibarətdir ki, bu kitab təkcə Azərbaycan dilində deyil, həm də ingilis dilindədir. Yəni, bu gün ən mühüm məsələlərdən biri də odur ki, ingilis, fransız, ərəb və digər dillərdə də belə kitablar nəşr olunsun. Hesab edirəm ki, bu, bizim haqq işimizin təbliğinə dünya ictimaiyyətinə çatdırılması növbəti mühüm töhfə olacaq”.
Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, bu kitablar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizdən bəhs edir: “Kitabları oxuyan hər kəs Zəfər tariximizi daha yaxından öyrənəcək, həmçinin onlarda tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağın artırılmasına düzgün yanaşma tərzi formalaşacaq. Bu kitablar gələcək nəslin ölkənin keşməkeşli tarixi keçmişini öyrənməsi, onlarda Vətənə sevgi və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində böyük rol oynayacaq”.
İraq İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət şöbəsinin rəisi Hudayfa Ziyad Mahmud tədbirdə iştirakından məmnunluğunu dilə gətirərək, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən söz açıb. Vurğulayıb ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir: “Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqların işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Zəfər Günü ilə bağlı yazılan tarixi kitabın ictimaiyyətə təqdim olunması qürurvericidir. Bu kitablar vətənpərvərlik ruhunda yazılmış əsərlərin təcəssümüdür. Belə nəşrlərin olması gələcək üçün də parlaq bir töhfədir. Bu kitabın nəşrə hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.
Tədbirdə kitablar haqqında videoçarx nümayiş olunub.
Tədbirin iştirakçılarına minnətdarlığını bildirən kitabların müəllifi İradə Əlili deyib ki, müəllifi olduğu 14 kitabdan 8-i Qarabağla bağlıdır: “Fikrimcə, mənim kitablarım az da olsa Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verəcək. Kitablarım bir neçə xarici dildə tərcümə olunub. Bu, o deməkdir ki, xarici dövlətlərin vətəndaşları da tariximizin gerçəkliklərini müxtəlif dildə oxuyacaq və biləcəklər”.
Təqdimat mərasimində “Laçın Həsrətim” kitabının həmmüəllifi yazıçı Sevinc İbrahimova və “Zəfər Yolu” kitabının həmmüəllifi jurnalist Vüqar Şahinoğlu bildiriblər ki, belə kitabların çapı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts