Qətər casusluqda ittiham olunan 8 Hindistan vətəndaşını azad edib

Tokio, 12 fevral , /AJMEDIA/

Qətər İsrailin xeyrinə casusluqda ittiham olunan və Qətər məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmiş 8 Hindistan vətəndaşını əfv edib və onları azadlığa buraxıb.

AJMEDIA xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi bu hindlilərdən yeddisinin bazar ertəsi səhər vətənlərinə qayıtdığı barədə məlumat yayıb.

“Hindistan hökuməti Qətərdə saxlanılan səkkiz Hindistan vətəndaşının azad edilməsini alqışlayır. Onlardan yeddisi Hindistana qayıdıb. Biz Qətər Dövləti Əmirinin bu qərarını alqışlayırıq”, – deyə Hindistan Xarici İşlər Nazirliyi qeyd edib.

NDTV-nin məlumatına görə, yeddi hindistanlı Qətərdə 18 aylıq həbsdən sonra bazar ertəsi səhər tezdən Yeni Dehliyə uçub. Səkkiz nəfərdən yeddisinin Hindistana niyə uçduğu hələlik açıqlanmayıb.

“Hindistana sağ-salamat qayıtdığımız üçün çox şadıq. Təbii ki, Baş nazir Modiyə təşəkkür etmək istərdik, çünki bu, yalnız onun şəxsi müdaxiləsi sayəsində mümkün oldu”, – deyə sərbəst buraxılanlardan biri televiziya kanalına müsahibəsində deyib.

Xatırladaq ki, səkkiz Hindistan vətəndaşından ibarət qrup 2022-ci ilin avqustunda Qətərdə İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb. 2023-cü ilin oktyabrında onlara birinci instansiya məhkəməsi tərəfindən ölüm hökmü çıxarılıb. Dekabr ayında Qətərin apellyasiya məhkəməsi cəzanı uzun müddətə həbs cəzası ilə əvəz edib. O zaman Yeni Dehli Hindistan vətəndaşlarının tam azadlığa buraxılmasına çalışacağını elan etmişdi.

Qeyd edək ki, azadlığa qovuşan hindlilər Hindistan hərbi gəmilərinə komandanlıq etmiş yüksək rütbəli zabitlər də daxil olmaqla, Hindistan Hərbi Dəniz Qüvvələrinin keçmiş əməkdaşlarıdır. Həbs olunmazdan əvvəl onlar Qətər hərbçilərinə təlim və digər əlaqəli xidmətlər göstərən “Dahra Global Technologies and Consultancy Services” adlı özəl şirkətdə çalışıblar. “India Today” jurnalının məlumatına görə, Hindistanın dəniz zabitləri Qətərin sualtı proqramında iştirak ediblər və Qətər tərəfi onları İsrailə məxfi məlumat ötürməkdə ittiham edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts