Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Tokio, 4 noyabr , /AJMEDIA/

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdində Heydər Əliyev adında Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Hyatt Regency” otelində Zəfər Günü münasibətilə qəbul keçirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AJMEDIA-ya verilən məlumata görə, qəbulda Özbəkistan Ali Məclisi sədrinin müavini Əlişer Kadırov, dövlət və hökumət nümayəndələri, nazirlər, Özbəkistanda akkreditə olunan ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Əvvəl iştirakçılar Zəfər Günü ilə bağlı foyedə təşkil olunan “44 gün: qəhrəmanlıq, zəfər və azadlıq” adlı fotosərgi ilə tanış olublar.
Fotoşəkillərdə Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində torpaqlarımızı azad etməsi, ölkə başçısının zəfər tvitləri, azad olunan ərazilərdə erməni vandallığının izi, habelə dövlətimiz tərəfindən aparılan quruculuq işləri öz əksini tapıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirilən tədbirə Özbəkistanda maraq böyük olub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti haqqında məlumat verib.
Səfir təcavüz nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanıldığını, 20 min azərbaycanlının həyatlarını itirdiyini və bir milyon insanımızın öz yurdlarından qaçqın və məcburi köçkün olduğunu qeyd edib.
Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük zəfər qazandığını qeyd edən səfir nəticədə torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
Diplomat Vətən müharibəsi zamanı Özbəkistanın Azərbaycana mənəvi dəstəyinə görə təşəkkürünü bildirib. Hüseyn Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd olunduğunu vurğulayıb.
Tədbirdə Azərbaycan Milli Məclisinin Komitə sədri, Azərbaycan-Özbəkistan Dostluq Qrupunun rəhbəri Eldar İbrahimov çıxış edərək 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyəti, Vətən torpaqlarının azad olunması, haqq ədalətin bərpası, azad olunan torpaqlarda bərpa-yenidənqurma işlərinin həyata keçirilməsinə dair məruzə ilə çıxış edib.
Eldar İbrahimov Vətən müharibəsində ədalətin yanında olan, Azərbaycanı dəstəkləyən bütün dövlətlərə, o cümlədən mənəvi dəstək göstərən özbək xalqına, dövlətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbir zamanı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan Ermənistanın Azərbaycana təcavüzü, işğal edilən torpaqlarımızda həyata keçirilən vandalizm, Vətən torpaqlarının azad edilməsi və orada həyata keçirilən tədbirlər, geniş quruculuq işlərinə dair videomaterial nümayiş etdirilib.
İştirakçılar Zəfər Günü münasibətilə Azərbaycan milli yeməklərinə və şirniyyatlarına qonaq ediliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts