Hindistanda 90 pilot “Boeing 737 Max” təyyarələrinin uçuşundan kənarlaşdırılıb

Tokio, 13 aprel , /AJMEDIA/

Hindistanın Mülki Aviasiya İdarəsi “Spicejet” aviakompaniyasının 90 pilotunu “Boeing 737 Max” təyyarələrinin uçuşundan kənarlaşdırıb.

AJMEDIA Hindistan KİV-lərinə istinadla xəbər verir ki, pilotların fəaliyyətinin dayandırılmasına səbəb kimi onların əlavə təlim keçmələrinin zəruriliyi göstərilib. “Pilotlar “Boeing 737 Max” təyyarələrində yenidən təlim keçə bilsinlər deyə, müvəqqəti olaraq onların bu laynerlərdə uçuşunu dayandırmışıq”, – deyə qurumun məlumatında bildirilir.

“Spicejet” aviakompaniyası 737 MAX ailəsinə məxsus “Boeing” təyyarələrində pilotlarının uçuşlarının dayandırılması barədə məlumatı təsdiqləyib. Həmçinin bildirilib ki, hazırda kompaniyada bu model laynerləri idarə etmək üçün təlim keçən 650 pilot var və bu səbəbdən 90 əməkdaşın müvəqqəti kənarlaşdırılması uçuş cədvəlinə təsir etməyəcək. “Spicejet” aviakompaniyasının parkında 11 ədəd “Boeing 737 Max” təyyarəsinin olduğu bildirilir.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bundan bir müddət əvvəl – 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirib.

“Boeing” kompaniyası hər iki təyyarənin MCAS sisteminin işində qəzadan öncə nasazlıq olduğunu etiraf edib. Bundan sonra Hindistan da daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrin istifadəsinə qadağa qoyub. Hindistanın Mülki Aviasiya İdarəsi ötən ilin avqust ayında “Boeing 737 MAX” təyyarələrinin istifadəsinə qoyulan qadağanı aradan qaldırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts