Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılır

Tokio, 9 aprel , /AJMEDIA/

Gürcüstanda 1989-cu il 9 Aprel hadisələrindən 33 il ötür. Bu gün Gürcüstanın dövlət və hökumət rəsmiləri, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, eləcə də Türkiyənin səfiri Fatma Ceren Yazqan 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli prospektindəki abidə önünə əklil qoyub, gül dəstələri düzüblər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tbilisidə baş verən faciədən 33 il ötür. Həmin gün sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.

1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.

Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.

Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli prospektində, Gürcüstan parlamentinin binası qarşısındakı memorial abidə önündə anılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts