Filippində “Megi” qasırğası qurbanlarının sayı 58 nəfərə çatıb

Tokio, 13 aprel , /AJMEDIA/

“Megi” tropik qasırğasının Filippini vurması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

AJMEDIA France-Presse agentliyinə istinadla xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, ölüm hallarının 47-si Leyte əyalətində qeydə alınıb. Həmçinin təbii fəlakət nəticəsində əyalətdə 27 nəfər itkin düşüb, 100 nəfərə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, qasırğa ölkənin doqquz regionunda 580 mindən çox insana təsir göstərib, evlərini tərk etmək məcburiyyətində qalan 42 mindən çox insan 348 təxliyə mərkəzinə yerləşdirilib.

“Megi” tropik qasırğası səbəbindən 453 daşqın və 43 torpaq sürüşməsi baş verib. Ölkənin üç regionunda kənd təsərrüfatına 990 min dollar zərər dəyib. Həmçinin təbii fəlakət nəticəsində 341 yaşayış binası, 179 avtomobil yolu və yeddi körpü zədələnib, 69 şəhərin elektrik, üç şəhərin isə su təminatında fasilələr yaranıb.

Hakimiyyət orqanları 162 məktəbin, 41 limanın və 115 müəssisənin işini dayandırıb, 13 şəhər və bələdiyyədə fövqəladə vəziyyət rejimi elan edilib.

Xatırladaq ki, “Megi” tropik qasırğası aprelin 10-da Filippinin şərqindəki Samar, Biliran və Leyte adalarını cənginə alıb. Qasırğada küləyin sürəti saniyədə 20,8-29,1 metrə çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts