Filippin Prezidenti “Nalgae” qasırğasının zərər vurduğu dörd regionda fövqəladə vəziyyət elan edib

Tokio, 3 noyabr , /AJMEDIA/

Filippinin Prezidenti Ferdinand Markos “Nalgae” tropik qasırğasının böyük zərər vurduğu dörd regionda fövqəladə vəziyyət rejimi elan edib.
AJMEDIA xəbər verir ki, bu barədə Filippinin Prezidenti noyabrın 2-də xüsusi sərəncam imzalayıb.
Sənəddə qeyd olunur ki, fövqəladə vəziyyət rejimi ən çox zərər çəkmiş yerlərdə – Kalabarson (IV-A bölgəsi), Bikol bölgəsi (V bölgə), Qərbi Visayas (VI bölgə) və Mindanaonun müsəlmanların yaşadığı Banqsamoro Muxtar Bölgəsində elan edilib. Bildirilir ki, sərəncam Prezident tərəfindən vaxtından əvvəl ləğv edilməzsə, fövqəladə vəziyyət altı ay davam edəcək. Sərəncamda bu bölgələrdə yaşayan 1,4 milyondan çox insanın “Nalgae” qasırğasından zərər çəkdiyi vurğulanır.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi yerli hökumətlərə və özəl sektora xilasetmə, bərpa, yardım və vəsaitlərin ayrılması səylərini sürətləndirməyə imkan verir. Bu bölgələrdə həddindən artıq bahalaşmanın qarşısını almaq üçün əsas ehtiyac duyulan malların qiymətlərinə də nəzarət ediləcək. Hüquq-mühafizə orqanlarına Filippin silahlı qüvvələr ilə birlikdə zərər çəkmiş ərazilərdə əmin-amanlığın və asayişin təmin edilməsi üçün bütün lazımi tədbirləri görmək tapşırılıb.
Xatırladaq ki, “Nalgae” tropik qasırğası oktyabrın 30-da Luson adasının ərazisini, oktyabrın 31-i günortadan sonra isə ümumilikdə Filippini tərk edib. Son məlumatlara görə, qasırğa ümumilikdə 3,18 milyondan çox insana zərər vurub. 121 nəfər təbii fəlakətin qurbanı olub, 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 36 nəfər isə itkin düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts