Elmi seminarda Azərbaycanda yaşıl şəhərlərin yaradılması problemləri müzakirə olunub

Tokio, 14 iyun , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Bu barədə AJMEDIA-ya İqtisadiyyat İnstitutundan məlumat verilib.
İqtisadiyyat İnstitutunun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin aparıcı elmi işçisi dosent Samirə Abbasova “Azərbaycanda yaşıl şəhərlərin tətbiqi: müasir vəziyyət, problemlər, perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Müasir şəhərsalmanın başlıca prinsipləri, əsas xüsusiyyətləri barədə danışan məruzəçi yaşıl, sağlam və ekoşəhərlərin müqayisəli təhlilini verib, əsas üstünlüklərindən bəhs edib. Yaşıl texnologiyalar üzrə qabaqcıl beynəlxalq təcrübə, xüsusən də Almaniya, Sinqapur və Fransanın yaşıl iqtisadiyyat, müasir infrastrukturun qurulması, nəqliyyatın idarə olunması, “ağıllı” şəhərlər barədə məlumatlar təqdim olunub.
Samirə Abbasova bildirib ki, yaşıl şəhərlərdə rabitə və ictimai nəqliyyatı idarə etmək üçün müasir rəqəmsal texnologiyalardan istifadə olunur: “Yaşıl şəhərlərdə yalnız ictimai nəqliyyat, velosipedlə hərəkət, elektriklə işləyən avtomobillərdən istifadə nəzərdə tutulur. Azərbaycanın böyük şəhərlərinin yaşıllaşdırılması, ilk növbədə, yaşıllıq zolaqlarının artırılması, yeni parkların yaradılması, məişət tullantılarının növlərə ayrılması, atmosferin karbon qazı tullantılarından qorunması üçün ictimai nəqliyyata müraciət edilməsi, müəyyən günlərdə şəxsi avtomobillərin şəhərdə istifadəsinə qadağa qoyulması, əhali və yerli idarəetmə orqanları ilə kooperasiyanın yaradılması əsasında baş verə bilər. Ölkəmizdə yaşıl şəhərlər təcrübəsinin tətbiqi o zaman mümkündür ki, belə şəhərlər sıfırdan xarici investorlardan böyük vəsaitlərin cəlb edilməsi və dövlət subsidiyaları hesabına yaradılsın. Yaşıl şəhərlər digər şəhərlərdən onunla fərqlənir ki, əhali müxtəlif idarəetmə növləri üzrə yerli hakimiyyət orqanları ilə birgə qərarlar qəbul edir”.
Sonra suallar cavablandırılıb. Seminarda Bakının ekoloji problemləri və onların həlli yolları, tullantıların düzgün idarə olunması, nəqliyyat sıxlığının azaldılması, yaşıllıqların artırılması, əhalinin yaşıl şəhərsalmada iştirakı, şəhərlə kənd arasındakı fərqlərin aradan qaldırılması, ekoloji mədəniyyətin formalaşdırılmasının əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts