Dubayda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Tokio, 20 Oktyabr, /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Komitə sədri Fuad Muradov çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Komitə əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayıb. F.Muradov Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq və şanlı Zəfərin birinci ildönümləri münasibətilə təbriklərini çatdırıb. Müharibə dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib.

Eyni zamanda, son illər Azərbaycanın BƏƏ-dəki diaspor nümayəndələrinin təşkilatlanmasında, yaşadıqları cəmiyyətə inteqrasiyasında, təhsil və sosial vəziyyətlərində irəliləyiş müşahidə olunduğu vurğulanıb.

Sonra Azərbaycanın BƏƏ-dəki diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və müxtəlif təkliflər səsləndirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricilərinin seçilməsi ilə yekunlaşan görüş bədii hissə ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts