Coğrafiya İnstitutunun miqrasiya problemlərinin tədqiqinə dair konfrans keçirilib

Tokio, 25 aprel , /AJMEDIA/

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Miqrasiya problemlərinə yeni baxış: COVID-19 pandemiyasından əvvəl və sonra” mövzusunda konfrans-seminar keçirilib.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, tədbir Coğrafiya İnstitutunun Avropanın 10 universiteti və tədqiqat institutu ilə birgə icra etdiyi, “Horizon” Avropa proqramı çərçivəsində maliyyələşən “Miqrant agentliyi üçün tarixlərin və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı qalib layihə üzrə praktik fəaliyyətlərin tərkib hissəsi olaraq keçirilib.

Tədbirdə institutun əməkdaşları və digər qurumlardan dəvət olunmuş qonaqlar, o cümlədən miqrasiya sahəsində maraqlı olan qurumların nümayəndələri, QHT təmsilçiləri, alim və mütəxəssislər, müxtəlif universitetlərin akademik heyəti iştirak edib.

Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov müasir dövrdə miqrasiyanın qlobal miqyasda aktual məsələlərdən biri olduğunu qeyd edib, ayrı-ayrı dövrlərdə dünyanın müxtəlif regionlarında və Azərbaycanda miqrasiyanı doğuran sosial-siyasi, iqtisadi və ekoloji amillərin rolundan danışıb. Z.Eminov xüsusən Abşeron ərazisində əhalinin miqrasiya hesabına yüksək məskunlaşdığını vurğulayaraq qeyd edib ki, hazırda ölkədə miqrasiya proseslərini tənzimləmək üçün dövlət əhəmiyyətli layihələrin işlənib hökumətə təqdim olunmasına ehtiyac var.

AMEA Rəyasət Heyəti aparatı Elmi-təşkilat idarəsinin rəisi, fizika elmləri üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov miqrasiya proseslərinin həqiqətən də Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, haqqında danışılan qalib layihənin sadəcə elmi uğur olmadığını, həmin layihənin icrasının Avropanın elmi məkanına inteqrasiya baxımından önəmli bir praktiki fəaliyyət olduğunu diqqətə çatdırıb. R.Rüstəmov layihə fəaliyyətlərinin tərkib hissəsi olan rəqəmsal texnologiyalardan istifadə məsələsini, bu sahədəki imkanları və üstünlükləri xüsusilə vurğulayıb.

Tədbirə moderatorluq edən, Coğrafiya İnstitutunun əməkdaşı coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov qalib layihə və onun icrasının vəziyyəti barədə qonaqlara məlumat verib. O bildirib ki, “Horizon-2020” proqramı çərçivəsində tədqiqat və innovasiya tipli layihə qazanmış Coğrafiya İnstitutu bundan sonra da qitə miqyaslı layihələrə cəlbolunma istiqamətində fəaliyyətlərini səylə davam etdirəcək.

R.Kərimov “Beynəlxalq miqrasiya: meyillər, təsirlər, pandemiya amili” adlı məruzə ilə çıxış edərək 2021-ci ildə miqrasiya ilə bağlı ölkədə apardığı sosioloji sorğunun əsas nəticələri barədə məlumat verib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Elnarə Qəribova “COVID-19 pandemiyası ilə qloballaşma, insan mobilliyi və beynəlxalq hüquqi öhdəliklərlə ziddiyyət” mövzusunda apardığı araşdırmanın nəticələrini təhlil edərək, miqrasiyanın sosial aspektləri, miqrantların hüquqları və onların getdikləri ölkələrdə giriş icazəsini almaqla bağlı üzləşdikəri çətinliklər, həmçinin ölkədaxili miqrasiya məlumatlarının əlçatanlığı, təhsil almaq imkanları ilə miqrasiya arasındakı əlaqə kimi problemlərə toxunub.

İnstitutun böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Hicran Tahirova “Azərbaycanın kənd əhalisi beynəlxalq miqrasiya axınlarında” adlı məruzə ilə çıxış edib. O, Azərbaycanın kənd yerlərindən Türkiyəyə insanların köçü, miqrasiya ilə bağlı qarışıq nikahlar arasında bağlılıq, qadınların bu proseslərdə iştirakı barədə təhlillər aparıb.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov kənd icmalarının şəhərə miqrasiyasına dair fikirlərini seminar iştirakçıları ilə bölüşüb. Xəzər Universitetinin Miqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Məmmədli çıxış edərək iqtisadiyyatın diversifikasiyası ilə miqrasiya arasındakı asılılıq barədə elmi təhlil aparıb.

Sonda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin layihə meneceri Yuliya Rıjix elmi tədbirdə müzakirə olunan məsələlərin böyük maraq doğurduğunu vurğulayıb. O, Coğrafiya İnstitutunun miqrasiyaya dair gələcək elmi tədbirlərinə də məmnuniyyətlə qatılmaq istədiyini ifadə edib.

Görüş müzakirələr və fikir mübadiləsi ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts