Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 30 minə yaxınlaşıb

Tokio, 14 aprel , /AJMEDIA/

Çində COVID-19 pandemiyasının “omikron” dalğasına qarşı mübarizə və qabaqlayıcı tədbirlərə baxmayaraq sutkalıq yoluxma sayı çoxalaraq, 30 minə yaxınlaşıb.

AJMEDIA Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutkada 29 min 390 yoluxma, o cümlədən 26 min 391 yerli asimptomatik hal aşkarlanıb.

Yoluxmaların əksər hissəsi (28 min 891 hal) ölkənin əhali sayına görə ən iri şəhəri olan Şanxayda qeydə alınıb.

Hələ də “Sıfır COVID” və ya “Virussuz həyat” strategiyasına sadiq qalan Çinin infeksiyanın yayılması ilə əsas mübarizə tədbirləri yoluxmaların alovlandığı yaşayış məntəqələrində lokal qapanmaların tətbiqi və kütləvi test prosesinin həyata keçirilməsidir. Hazırkı “omikron” dalğasında Çançun, Şencen, Cilin kimi şəhərlərlə yanaşı, Çinin işgüzar mərkəzi hesab olunan Şanxayda martın 28-dən qapanma tətbiq olunur. Səlahiyyətli qurumlar yoluxma sayına uyğun olaraq Şanxayın məhəllələrini “tam qapalı”, “nəzarət olunan” və “ehtiyatlı” kateqoriyalı zona elan edərək, fərqli karantin qaydaları tətbiq edir. Bundan başqa, ölkənin beynəlxalq ticarət qovşağı hesab olunan Quancou şəhərində qabaqlayıcı tədbir kimi uşaq bağçalarında, orta məktəblərdə, ali təhsil müəssisələrində əyani dərslər dayandırılıb və kütləvi test prosesinin icrasına başlanılıb. Sakinlərə ciddi səbəb olmadığı halda şəhəri tərk etməmək tövsiyə olunub. COVID-19 böhranının ilk yaşandığı Uhanda isə yalnız son 48 saatda verilmiş PZR testinin neqativ nəticəsi olan sakinlər ictimai nəqliyyatdan istifadə edə bilərlər.

Qeyd edək ki, martın əvvəlindən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı olaraq çoxalır. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts