Çin XİN rəhbəri: Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu tanıyıb

Tokio, 13 yanvar, /AJMEDIA/

Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu tanıyıb və gerçək multilateralizmin birgə təminatı üçün Ankara ilə əlaqələrin tərəfdarıdır.

AJMEDIA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə yanvarın 12-də Çinin Usi şəhərində keçirilən görüşdə deyib. Van İ Çin və Türkiyəni qarşılıqlı etimadı möhkəmləndirməyə və ikitərəfli əlaqələrin sağlam inkişafını birgə təşviq etmək üçün bir-birini dəstəkləməyə çağırıb.

Nazir ikitərəfli əlaqələrin inkişaf tempini yüksək qiymətləndirərək, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının ötən il 50-ci ildönümünün qeyd olunduğunu xatırladıb. Vurğulayıb ki, strateji tərəfdaş olan Çin və Türkiyə qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsinə sadiq qalmalıdır.

Çin rəsmisi ümidvar olduğunu bildirib ki, hər iki ölkə bir-birinin milli suverenliyinin, təhlükəsizliyinin və inkişaf maraqlarının təminatına dəstək verəcək, bir-birinin daxili işlərinə qarışmama prinsipinə riayət edəcək, tərəflərdən birini hədəf alan heç bir beynəlxalq fəaliyyətə qoşulmayacaq, anlaşma fərqləri olan məsələlər üzrə kommunikasiyanı yaxşılaşdıracaq.

Van İ iki ölkə arasında iqtisadi məsələlərə toxunaraq, Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa dair ilk sənədin məhz Türkiyə ilə imzalandığını vurğulayıb, tərəflər arasında ticarət üçün böyük potensial olduğunu qeyd edib. O, valyuta mübadiləsi razılaşmasından yararlanmağa, 5G texnologiyası və böyük data kimi sahələrdə əməkdaşlığı genişləndirməyə çağırıb, Çinin Türkiyədən idxalı artırmağa hazır olduğunu deyib.

Mövlud Çavuşoğlu ikitərəfli əlaqələrin inkişafı ilə bağlı həmkarının fikirlərinə şərik olduğunu bildirib. Türkiyəli nazir iqtisadi-ticari sahədə əməkdaşlığı, eləcə də iki tərəf arasındakı təmasları yüksək qiymətləndirib, ölkəsinin Çin ilə nüvə energetikası sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.

M.Çavuşoğlu idman tədbirlərinin siyasiləşdirilməsinə qarşı olduğunu vurğulayaraq, Çinin “Pekin-2022” Qış Olimpiya Oyunlarını uğurla keçirməsini arzulayıb.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts